Almaniyada qatara hücum: 2 nəfər ölüb

Almaniyada qatara hücum nəticəsində iki nəfər ölüb...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın Şlezviq-Holşteyn əyalətində bir nəfərin şəhərətrafı qatarda hərəkət edərkən bıçaqla hücumu nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Polis tərəfindən zərərsizləşdirilən və hələlik şəxsiyyəti açıqlanmayan təcavüzkar həbs edilib.

Hələlik aydınlaşdırılmayan hücumla bağlı açıqlamalar verən Şlezviq-Holşteyn daxili işlər naziri Sabine Sütterlin-Vaak bir nəfərin polis tərəfindən saxlanıldığını bildirib. Federal Polisdən verilən açıqlamaya görə, insident yerli vaxtla saat 3 radələrində, qatar Brokstedt stansiyasına çatmazdan əvvəl baş verib. Məlumata görə, daxili işlər naziri Sütterlin-Vaak ştatın qanunverici orqanında olarkən bu xəbəri alıb və dərhal məsələ ilə bağlı məsləhətləşmələr aparmaq üçün əyalətin baş naziri Daniel Günterlə görüşüb.

Polisin verdiyi məlumata görə, təsadüfi sərnişinlərə qəfil hücum edən şübhəli Brokstedt stansiyasında zərərsizləşdirilərək nəzarətə götürülüb. Stansiya araşdırmalar üçün evakuasiya edilib və nəqliyyatın hərəkətinə bağlanıb.

pia.az