BBC: İran Türkiyə ilə Suriya arasında münasibətlərin qurulmaması ilə bağlı diplomatik səylərini artırıb...

Əmir Abdullahianın Dəməşqə səfərindən sonra dünən Suriyanın müdafiə naziri Tehrana gedib və keçirilən görüşlərdə İran Suriya ordusunun gücləndirilməsinə söz verib…

Prezident İbrahim Rəisi və İranın yüksək rütbəli hərbi komandirləri Suriyanın müdafiə naziri general-leytenant Əli Mahmud Abbasla görüşdə Tehranın Dəməşq hökuməti ilə əməkdaşlığı inkişaf etdirməyə və hərbi dəstəyi artırmağa hazır olduğunu bildiriblər.

PİA.az xəbər verir ki, BBC-nin məlumatında bildirilir.

Tehranda baş tutan görüşdə Rəisi bildirib ki, İran “Suriya ilə hərtərəfli iqtisadi əməkdaşlığı gücləndirməyə” hazırdır.

İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami də dünən Suriyanın müdafiə naziri ilə görüşündə iki ölkənin “strateji əlaqələri”ni vurğulayıb. Hüseyn Səlami “İranın Suriyada mövcudluğunun davam etdirilməsi fəlsəfəsinə” toxunaraq deyib:

“Biz hiss edirik ki, region “yeni məkan”a çevrilməkdədir və biz səhnədə güclü və möhkəm olmalı, əldə olunan mühüm nailiyyətləri və uğurları qorumalıyıq”.

Səlami Suriyanın müdafiə nazirinə müraciət edərək, “Biz Suriya silahlı qüvvələrinə bütün sahələrdə lazım olan ölçüdə kömək etməyə hazırıq”, deyib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri isə Əli Mahmud Abbasla görüşü zamanı ölkəsinin Suriya ordusunun yenidənqurulmasında yaxından iştirak etməyə hazır olduğunu deyib:

“Suriya ordusunun yenidən qurulmasına ehtiyac var və İran Silahlı Qüvvələri səkkiz illik müqəddəs müdafiə və silahlı qüvvələrin yenidən qurulması təcrübələrini nəzərə alaraq, ordunun yenidənqurma, təlim və təchizat və yardım sahələrində Suriyaya hərtərəfli yardım etməyə hazırdır”.

Məhəmməd Baqirinin Suriyanın müdafiə naziri ilə görüşündə “iki ölkə arasında birgə təlimin keçirilməsi”nə də diqqəti çəkib.

Baqiri bəyan edib ki, İran hərbiçiləri Suriya hökumətinin dəvəti ilə bu ölkədə məsləhətçi qismində mövcuddur, lakin eyni zamanda “Müqqədəslərin müdafiəçiləri” adlandırdığı könüllü silahlı qüvvələrin də Suriyada yerləşdirilməsini vacib sayıb.

BBC yazır ki, indiyədək Suriyada çoxlu sayda iranlı hərbçi və hətta İslam Keşikşiləri Korpusunun komandirləri öldürülüb.

Bəzi xarici siyasət üzrə ekspertlərin fikrincə, Rusiyanın Ukraynada müharibəyə cəlb olunmasından faydalanan İran Suriyada dayaqlarını möhkəmləndirməyə çalışır. Bundan əvvəl Rusiyanın Türkiyə-Suriya münasibətlərində İranın iştirakı olmadan vasitəçilik etdiyinə dair xəbərlər dərc olunmuşdu və bu da Tehranı narahat edir.

Xatırladaq ki, İran və Suriya arasında 2020-ci ildə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq sənədi imzalanıb. Bununla yanaşı İran Suriyada iqtisadi sahədə fəaliyyətini genişləndirmək istəyir.

BBC xatırladır ki, son on ildə İran qüvvələrinin və müttəfiqlərinin bölgədən çıxarılmasını tələb edən İsrail dəfələrlə Suriyada İrana bağlı baza və qüvvələri hədəfə alıb.

Bu günlərdə Suriya hökumətinə müxalif olan medianın xəbərlərində İranın Suriya prezidenti Bəşər Əsəd üzərində təsirinin artdığı iddia edilib. Suriya hökuməti ilə İran arasında baş verən hadisələr haqqında məlumat yayan müxalif medianın fikrincə, bu, Tehranın Suriyada həm hərbi, həm də Dəməşq və Ankara arasında potensial yaxşı münasibətlər istiqamətində təsirli rolunu göstərir.

2011-ci ildə Suriyada etirazlar başlayandan bəri Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsinə dəstək verən ölkələrdən biri olub. Hazırda isə Rusiyanın vasitəçiliyi ilə Suriya ilə Türkiyə arasında danışıqlar təxminən bir ay əvvəl başlayıb, lakin görünən odur ki, İran son vaxtlar bu danışıqların uğursuz olması üçün diplomatik səylərini artırıb.

Xatırladaq ki, İranın xarici işlər naziri bir neçə gün əvvəl Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşmüşdü, bundan sonra Əsəd İranla harmoniyanın saxlanmasının “ən vacib məsələ” olduğunu söyləmişdi.

Tərcümə PİA.az-a aiddir

pia.az