Almaniya “Leopard” tanklarını Ukraynaya nə zaman yollayacaq?

Konqresmen Makkol hesab edir ki, bunun üçün ABŞ Ukraynaya bir ədəd “Abrams” tankı yollamalıdır…

ABŞ-da “Leopard” tanklarının Avropadan Ukraynaya verilməsini sürətləndirməyin asan yolu təklif edilib. Bunun üçün ABŞ sadəcə bir ədəd “Abrams” tankını Ukraynaya göndərməlidir.

PİA.az xəbər verir ki, belə bir təkliflə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol ABC News telekanalına müsahibəsində çıxış edib.

Makkol hesab edir ki, Ukraynaya bir “Abrams tankı”nın göndərilməsi Avropanı Ukraynaya “Leopard” tankları göndərməyə sövq edəcək. Onun sözlərinə görə, Almaniya Ukraynaya ağır silahların verilməsi üçün ABŞ-dan təşəbbüs gözləyir.

“Biz Ukraynaya heç olmasa bir, ya da bir neçə “Abrams” tankı verdiyimizi elan etsək, onda almanlar da “Leopard tankları”nı verəcəklər. Ən azından digər dövlətlərə bunu etməyə icazə verəcəklər”, deyə konqresmen müsahibəsində deyib.

Makkolun sözlərinə görə, Almaniya artıq Ukrayna Silahlı Qüvvələrinə “Leopard” tankları verməyə hazırdır, lakin onlar ABŞ-ın təşəbbüsünü gözləyirlər.

pia.az