Gün ərzində Laçın və Xankəndi istiqamətinə RSK-ya məxsus 47 avtomobil keçib - Yenilənib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir...

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçından Xankəndi istiqamətinə 2 minik maşını, 1 mikroavtobus, 10 yük avtomobili eyni zamanda Xankəndidən Laçın istiqamətində 1 minik maşını keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

***

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin iki yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 42 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

pia.az