“Rusiya Ukraynada “ikinci Qarabağ“ yaradır“

"Bu il iki dəfə Ukraynada oldum, ukraynalı dostlarıma eyni sözü deyirdim: diqqətli olun, bizim səhvləri təkrarlamayın. Amma, təəssüf ki, təkrarladılar"
Bu sözləri Aktual.az-a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ukraynada baş verən son hərbi əməliyyatlara münasibət bildirərkən deyib. Elxan Elmanoğlu Ukraynadakı son hadisələri birinci Qarabağ müharibəsi ilə əlaqələndirib: "Azərbaycan Silahlı Qüvvələri 1993-cü ildə Xankəninin iki addımlığına çatmışdılar. Necə ki, Ukrayna ordusu təxminən iki həftə əvvəl Donetsk və Luqanskı mühasirəyə almışdı. Sonra nə baş verdi? Orduda xəyanət, rusların erməni separatçılarına texnika və canlı qüvvə ilə dəstəyi əks-hücumla Qarabağ və ətrafının işğalına yol açdı. Eyni ilə Ukrayna ordusundakı xəyanət, bəzi qüvvələrin cəbhə bölgəsini özbaşına tərk etməsi və rusların bu dəfə ukraynalı separatçılara dəstəyi Ukrayna ordusunu geri çəkdi, ələ keçirilən mövqelər yenidən itirildi. Ona görə deyirdim ki, Rusiya Ukraynada "ikinci Qarabağ" yaradır".