Niderland “Patriot” sistemini Ukraynaya verəcəyini rəsmi olaraq bildirib

Rutte Ağ Evdə Baydenə deyib ki, Niderland Almaniya ilə “Patriot” hava hücumundan müdafiə sistemi layihəsinə qoşulmaq niyyətindədir...

Niderlandın baş naziri Mark Rutte Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşündə Ukraynaya müdafiə sistemlərinin göndərilməsi təşəbbüsündə ölkəsinin də iştirak edəcəyini bildirib. Söhbət “Patriot” hava hücumundan müdafiə sistemindən gedir.

PİA.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Rutte Ağ Evdə Baydenə deyib ki, Niderland Almaniya ilə “Patriot” hava hücumundan müdafiə sistemi layihəsinə qoşulmaq niyyətindədir. “Düşünürəm ki, bu vacibdir və biz də bu işə qoşuluruq”, deyə Niderlandın Baş naziri bildirib.

Niderlandın baş naziri onu da əlavə edib ki, bu gün səhər Almaniya kansleri Olaf Şollts ilə artıq bu məsələni müzakirə edib.

Xatırladaq ki, dünən Ukrayna prezidenti Vladimir Zelenski ilə Niderlandın baş naziri Mark Rutte arasında telefon danışığı olub. Danışıqlar zamanı Rusiyanın Dneprdəki yaşayış binasına raket hücumu müzakirə edilib.

pia.az