2023-cü ilin Cənubi Qafqazı - Böyük güclərin mübarizəsi, risklər...

Proqnozlara görə 2023-cü il Cənubi Qafqazda maraqları olan böyük güclərin mübarizəsinin daha da qızışacağı bir il olacaq...

Siyasi-şərhçi: “2023-cü ilin risklərlə dolu il olacağı gözlənilir. Bu barədə xeyli proqnozlar var. Həmin proqnozlarda o da qeyd olunur ki, bizim region əsas müharibə ehtimalı olan 10 potensial qaynar nöqtədən biridir”.

“Cənubi Qafqaz regionu bütün ölkələrin, bütün qütblərin maraqlarının kəsişdiyi, üst-üstə düşdüyü, həm də toqquşduğu bir məkana çevrilib”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu bu il Cənubi Qafqazı gözləyən riskləri PİA.az-a şərh edərkən qeyd edib.

Ekspertlərin, politoloqların, siyasi ekspertlərin proqnozuna görə 2023-cü il Cənubi Qafqazda maraqları olan böyük güclərin mübarizəsinin daha da qızışacağı bir il olacaq. Belə ki, Türkiyə-Azərbaycan münasibətlərinin günü-gündən inkişaf etməsi Pentaqonun da regionda maraqlarını artırır. ABŞ-ın siyasi hakimiyyətindən çox hərbi hakimiyyəti (Pentaqon) bu bölgənin nəzarət paketinin Azərbaycanla Türkiyədə olmasında maraqlıdır. Lakin Parisdə heç də belə düşünmürlər.

Rusiya və İranın da regiondakı aktivliyinin artacağını düşünərsək, 2023-cü ilin Cənubi Qafqazı necə görünür?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “2023-cü il Cənubi Qafqaz üçün kifayət qədər mürəkkəb bir dönəm kimi görünür”.

Fransanın bölgədən uzaq olduğunu nəzərə çatdıran ekspert PİA.az-a bildirib ki, Parisin fiziki baxımdan bölgəyə təsir imkanları yox dərəcəsindədir:

“2023-cü ilin risklərlə dolu il olacağı gözlənilir. Bu barədə xeyli proqnozlar var. Həmin proqnozlarda o da qeyd olunur ki, bizim region əsas müharibə ehtimalı olan 10 potensial qaynar nöqtədən biridir. Bu mənada Türkiyənin bölgədə fəallığının artması, Rusiyanın regiona təsirini itirməsi, İranın regionda öz geosiyasi maraqlarını elan etməsi, eyni zamanda Tehranın Moskvanın regiondan çıxması halında yaranmış boşluğu doldurmaq istəməsi və əlbəttə ki, dünya güclərinin, o cümlədən ABŞ-ın, Çinin regiona marağının olması bütün bu ehtimalı bir qədər də gücləndirir.

Gördüyümüz kimi Cənubi Qafqaz regionu bütün ölkələrin, bütün qütblərin maraqlarının kəsişdiyi, üst-üstə düşdüyü, həm də toqquşduğu bir məkana çevrilib. Şübhəsiz ki, bu mənada risklər də artır. O cümlədən Pentaqonun regiona marağının artmasının səbəbi də təbiidir. Unutmamalıyıq ki, Azərbaycanın müttəfiqi olan Türkiyə kifayət qədər müstəqil siyasət yürütməklə yanaşı, eyni zamanda NATO üzvüdür. Türkiyə NATO-nun məlum çərçivələrindən kənara çıxa bilməz. Ən azından Türkiyənin NATO üzvü kimi bu öhdəlikləri var.

Fransa bölgədən uzaqdır. Onun fiziki baxımdan bölgəyə təsir imkanları yox dərəcəsindədir. Paris yalnız hansısa ölkələri, konkret halda Ermənistanı silahla təhciz edə bilər və yaxud da İranla hər hansı hərbi əməkdaşlığa gedə bilər. Fransanın bu addımlarının da səmərəli olub-olmaması ciddi sualdır. Fransanın bizim bölgədə konkret marağı ondan ibarətdir ki, özünü bir qlobal güc kimi təsdiqləsin. Çünki rəsmi Parisin buna ehtiyacı var. Fransa bir çox bölgələrdə, dünyanın əhəmiyyətli geosiyasi məsələləri həll olunan regionlarından faktiki olaraq sıxışdırılıb çıxarılıb. Buna görə də Paris daim özünə bir dayaq nöqtəsi axtarır. İndi də onlar dayaq nöqtəsini Ermənistana himayədarlıq etməklə Cənubi Qafqazda tapmaq istəyir.

Ərəstun Oruclu: “Qarabağın dağlıq bölgəsində yerləşdirilmiş hərbi birləşmələri, yəni rus sülhməramlıları və onlarla müttəfiqlik edən Qarabağ separatçıları vasitəsilə Rusiya bölgədə gərginlik yarada bilər”.

Amma hər hər bir halda unutmayaq ki, bütün uğursuzluqlarına və Ukraynadakı uğursuzluqlarına, daxili problemlərinə rəğmən Rusiya da Cənubi Qafqazda hələ güc olaraq qalmaqdadır. Şübhəsiz ki, Moskvanın da regionda hər hansı gərginliklər yaratması istisna deyil. O cümlədən, Qarabağın dağlıq bölgəsində yerləşdirilmiş hərbi birləşmələri, yəni rus sülhməramlıları və onlarla müttəfiqlik edən Qarabağ separatçıları vasitəsilə Rusiya bölgədə gərginlik yarada bilər.

Ermənistan da bunu anlayır. Buna görə də Yerəvan çalışır maksimal dərəcədə Rusiyadan uzaqlaşsın. Eyni zamanda Ermənistan KTMT-dən də müəyyən məsafədə dayanmağa çalışır. Amma digər tərəfdən də Ermənistanın elə də ciddi seçimi, yəni alternativi yoxdur. İran təbii ki, Ermənistana alternativ deyil, çünki İranın özünün daha ciddi problemləri var.

Bütün bu amilləri nəzərə aldıqda əlbəttə ki, 2023-cü il Cənubi Qafqaz üçün kifayət qədər mürəkkəb bir dönəm kimi görünür”.

Nərminə UMUDLU pia.az