Baydenin “məxfi sənədlərini” araşdırmaq üçün xüsusi prokuror təyin edilib

ABŞ-da prezident Co Baydenin dövlət vəzifəsi daşımadığı dövrdə evində məxfi sənədlər saxlaması ilə bağlı qalmaqalı xüsusi prokuror Robert Hoeri araşdıracaq...

PİA.az xəbər verir ki, bu barədə ABŞ-ın Baş prokuroru Merrik Qarland yanvarın 12-də keçirdiyi brifinqdə bildirib.

Baş prokuror Baydenin şəxsi ofisində tapılan məxfi sənədlərlə bağlı vəziyyəti araşdırmaq üçün keçmiş federal prokuror Robert Hoeri xüsusi prokuror təyin etdiyini açıqlayıb:

“Bu gün səhər mən Robert Hoerin indicə danışdığım iş üzrə xüsusi müşavir təyin edilməsi haqqında sərəncam imzaladım. Sənəd ona bu işlə bağlı hər hansı fiziki və ya hüquqi şəxsin qanunu pozub-pozmadığını araşdırmaq səlahiyyəti verir. Xüsusi müşavir nazirliyin heç bir vəzifəli şəxsinin gündəlik nəzarəti altında olmayacaq, lakin o, Nazirliyin qaydalarına, prosedur və prinsiplərinə əməl etməlidir”, deyə Merrik Qarland bildirib.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Co Bayden Vaşinqtondakı evində məxfi sənədlər saxladığını etiraf edib.

pia.az