Quterreşin Ukrayna üzrə vasitəçiliyi üçün şərtləri açıqlanıb

BMT rəsmisi: Əgər münaqişənin bütün tərəfləri razılıq verərsə, Quterreş Ukrayna məsələsində vasitəçilik etməyə hazırdır…

BMT-nin baş katibi Antonio Quterreş bütün tərəflər razılıq verərsə, Ukrayna məsələsində vasitəçi kimi çıxış etməyə hazırdır.

PİA.az xəbər verir ki, Beynəlxalq təşkilat rəhbərinin münaqişənin həllində iştirakı ilə bağlı bu şərti bu gün BMT-dəki brifinqdə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlayıb. Qeyd edək ki, bir sıra mətbu orqanlar fevralın 24-də BMT-nin vasitəçiliyi ilə Ukrayna üzrə sammitin planlaşdırıldığını yazıb.

“Mətbuatdakı yazılanları görmüşük. Baş katibin mövqeyi dəyişməzdir. Hər hansı bir münaqişədə olduğu kimi, münaqişədə iştirak edən bütün tərəflər baş katibdən vasitəçilik etməyi istəsə, o, həmişə vasitəçilik etməyə hazırdır”, deyə Düjarrik deyib.

Qeyd edək ki, Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib ki, Kiyevin BMT-nin baş katibi Antonio Quterreşin vasitəçiliyi ilə keçirilməsini təklif etdiyi “Sülh Sammiti” fevralın 24-nə planlaşdırılıb. Onun sözlərinə görə, görüş təşkilatın Nyu-Yorkdakı baş qərargahında keçiriləcək.

pia.az