Polşanın ardınca Britaniya da Kiyevə tanklar verməyə hazır olduğunu elan edib

Böyük Britaniya hökuməti Londonun Ukrayna tərəfini tanklarla təchiz etmək niyyətində olduğu barədə məlumatı təsdiqləyib…

PİA.az xəbər verir ki, bu barədə Financial Times qəzeti Böyük Britaniyanın baş nazirinin ofisinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Baş nazirin ofisindən bildiriblər ki, London Kiyevə dəstəyi sürətləndirmək niyyətindədir.

“Biz yeni nəsil hərbi texnologiyanı Kiyevə təqdim etməklə Ukraynaya dəstəyimizi sürətləndiririk. Aydındır ki, döyüş tankları ukraynalılara müharibənin gedişatını dəyişmək imkanı verə bilər”, deyə hökümət ofisinin nümayəndəsi bildirib.

FT yazır ki, Sunak Britaniya müdafiə naziri Ben Uollesdən tezliklə Ukraynadakı həmkarları ilə bütün bu məsələləri müzakirə etməyi tapşırıb. Nəşrin yazdığına görə, Britaniya ən yaxın zamanda Ukraynaya ağır döyüş texnikası yollaya bilər.

Qeyd edək ki, bu gün Lvovda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşən Polşa prezidenti Anjey Duda “Leopard” tanklarından ibarət bir rotanın veriləcəyini açıqlayıb. Polşa ordusunda bir tank rotasında 14 tank var.

pia.az