Uqandada Ebola epidemiyası başa çatdı

Uqandanın səhiyyə naziri Ceyn Rut Açenq ölkədə 55 nəfərin ölümünə səbəb olan Ebola epidemiyasının sona çatdığını açıqlayıb...

PİA.az Türkiyə mediasına istinadən xəbər verir ki, Uqandada 2022-ci ilin sentyabrında başlayan Ebola epidemiyası başa çatıb. Ölkənin Səhiyyə naziri Ceyn Rut Açenq ilk yoluxma halının aşkarlandığı Mubendedə keçirilən mərasimdə açıqlama verərək epidemiyanın 113 gün əvvəl başladığını xatırladıb. Açenq xəstəliyin yayılmasına qarşı tədbirləri artıraraq epidemiyaya tez bir zamanda son qoyduqlarını söyləyib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial media hesabından verdiyi şərhdə deyib:

“Uqanda hökumətini, səhiyyə işçilərini və xalqını Ebola epidemiyasını 4 aydan qısa müddətdə sona çatdırmaq əzminə görə təbrik edirəm”.

Qebreyesus, həmçinin, donorlara və tərəfdaşlara epidemiyaya son qoymaq üçün lazımi resursları tez səfərbər etdiklərinə görə təşəkkür edib.

pia.az