Bayden keçmiş institutundan məxfi sənədlər çıxmasına təəccüblənib

ABŞ prezidenti Co Bayden bildirib ki, Barak Obamanın vitse-prezidenti olduğu dövrdə Vaşinqtondakı keçmiş institutundan çıxan “həssas” sənədləri gördükdə təəccüblənib...

PİA.az CNN-ə istinadən xəbər verir ki, Bayden meksikalı və kanadalı həmkarları ilə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında məsələyə ciddi yanaşdığını və Ədliyyə Nazirliyinin sənədləri nəzərdən keçirməsi üçün əməkdaşlıq etdiklərini bildirib.

“Mənə bu gün vəziyyətlə bağlı məlumat verildi və orada ofisdən götürülən hökumət qeydlərinin olmasına təəccübləndim”, deyən Bayden: “Sənədlərdə nə olduğunu bilmirəm”, deyə qeyd edib.

CNN-ə danışan bir mənbə Baydenin keçmiş institutunda tapılan sənədlər arasında ABŞ kəşfiyyatının qeydləri və Ukrayna, İran və Britaniya ilə bağlı brifinq qeydlərinin olduğunu deyir.

Mənbə bəzi sənədlərin tam məxfi olduğunu və 2015-ci ildə Baydenin ölən oğlu Beaunun dəfn mərasiminin planlaşdırılması ilə bağlı şəxsi sənədlərlə qarışdırıldığını bildirib.

Noyabrın əvvəlində Pensilvaniya Universitetindəki Bayden Mərkəzində aparılan işlər zamanı Baydenin şəxsi vəkilləri tərəfindən tapılan sənədlər həssas möhür vurulduğu üçün Prezidentin vəkilləri tərəfindən Milli Arxivə, oradan isə Ədliyyə Departamentinə göndərilib.

Baş prokuror Merrik Qarland isə Donald Trampın təyin etdiyi prokuror Con Loşu təhqiqata rəhbərlik etmək üçün seçib.

pia.az