ABŞ “Vaqner Qrupu”nun Avropa və Afrikada genişlənməsindən narahatdır

ABŞ hakimiyyəti “Vaqner Qrupu”nun Ukraynadan kənarda fəaliyyətinin artmasından narahatdır…

PİA.az xəbər verir ki, bu barədə Politico Ağ Ev administrasiyasındakı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

ABŞ hakimiyyəti “Vaqner qrupu”nun Avropa və Afrikadakı əməliyyatlarının genişlənməsindən narahatdır və bununla əlaqədar bu qruplaşmaya qarşı aksiyalar planlaşdırılıb. Məlumatlara görə, Vaşinqton Özəl Hərbi Şirkətin hərəkətlərini Mali kimi ölkələrdə ekstremizmin böyüməsi üçün risk faktoru kimi qiymətləndirir.

“ABŞ hökuməti Vaqnerin suveren ölkələrin daxili siyasətinə nə dərəcədə müdaxilə etməsindən narahatdır. ABŞ rəsmiləri qrupun Mərkəzi Afrika Respublikası, Mali və Serbiya kimi ölkələrdəki fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatları toplayır”, deyə Politico-nun məlumatında deyilir.

ABŞ hesab edir ki, ÖHŞ onlarla ölkədə fəaliyyət göstərir və yerli hökumətlərlə “hərbi və siyasi layihələr” üzərində işləyir.

Bununla əlaqədar olaraq, ABŞ hakimiyyəti “Vaqner”in Ukraynadakı rolunu məhdudlaşdırmaq üçün bu təşkilata qarşı əlavə tədbirlər görmək niyyətindədir, deyə Politico yazır.

Qeyd edək ki, 2017-ci ildə “Vaqner qrupu” artıq ABŞ-ın qara siyahısına əlavə edilib. 2022-ci ilin dekabrında Qərb dövlətləri “Vaqner”in üzərində ixrac nəzarətini gücləndirdilər.

Xatırladaq ki, Ukraynada aparılan müharibə üçün “Vaqner” qrupunun Kubandakı təlim mərkəzində 10 mindən çox mütəxəssis hazırlanıb. Mərkəzin əməkdaşlarından birinin sözlərinə görə, bu işi döyüş işlərində mühüm təcrübəyə malik təlimatçılar həyata keçirirlər.

pia.az