Günün brifinqi: Paşinyan sülh üçün növbəti müharibəni sifariş edir...

Yeni müharibə Paşinyanın və təmsil etdiyi xalqın seçimidir…

Bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hansı şərtlərdə Azərbaycanla sülh müqaviləsini imzamayacağına aydınlıq gətirib.

PİA.az xəbər verir ki, mətbuat konfransında Ermənistan lideri bildirib ki, ölkəsinin dövlət maraqlarına uyğun olmayan sülh müqaviləsini imzalamayacaq.

Paşinyan mətbuat nümayəndələrini əmin edib ki, sülh müqaviləsinin hazırlanması ilə bağlı məlumat verəcək. Hələlik isə sülh müqaviləsi ilə bağlı heç bir yenilik yoxdur. İrəvan sülh müqaviləsi ilə bağlı öz təklif və şərhlərini Bakıya göndərsə də, hələ ki, heç bir cavab almayıb.

Ermənistanın Baş naziri vurğulayıb ki, onun ölkəsi sülh müqaviləsini imzalamağa hazırdır və bunun üçün İrəvandan asılı olan hər şey ediləcək. Paşinyan qeyd edib ki, sülh müqaviləsinin imzalanması yaxşı xəbər olacaq. Çünki bu iki dövlətin öz maraqlarını uzlaşdırması demək olacaq.

“Hələlik isə problem sənədin məzmunu ilə bağlı deyil, onun reallaşdırılması ilə bağlıdır”, deyə Ermənistan lideri qeyd edib.

Paşinyana görə reallaşmayan imzalanmış sənədlərdən biri də 10 noyabr Üçtərəfli Bəyanatıdır.

Qeyd edək ki, 10 noyabr Üçtərəfli Bəyanatının əsas maddələri məhz Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu maddələr erməni silahlılarının Qarabağdan çıxarılması, Qarabağda hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə azərbaycanlıların geri qayıtması və təbii ki, “Zəngəzur dəhlizi” daxildir.

Digər tərəfdən isə Paşinyanın ölkəsinin dövlət maraqlarına uyğun olmayan sülh müqaviləsini imzalamamaqdan imtina etməsi əslində Ermənistanın Baş nazirinin yeni müharibə sifariş etməsi anlamına gəlir. Çünki Ermənistanın maraqları Azərbaycan dövlətinin beynəlxalq miqyasda tanınmış torpaqlarının işğalına dayanır.

Ermənistan hələ də Azərbaycan ərazilərində separatzmi dəstəkləyr və bu separatizmə siyasi, hərbi. İqtisadi və diplomatik dəstək verir. Müvəqqəti olaarq Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziləri isə Ermənistan birbaşa öz dövlət maraqları kimi təqdim edir.

Bu halda isə növbəti müharibə qaçınılmaz olacaq və bu müharibə əslində Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etmə mahiyyətini daşıyacaq. Yəni Paşinyan növbəti dəfə öz ölkəsini və xalqını fəlakətə sürükləyir.

Bu Paşinyanın və təmsil etdiyi xalqın seçimidir…

pia.az