Beynəlxalq aviaşirkətdən hicab qərarı 

İngiltərənin beynəlxalq aviaşirkəti “British Airways” yeni forma kolleksiyasına hicabı da əlavə edib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərənin hava yolu şirkəti “British Airways” (BA) yeni forma kolleksiyasında qadın işçilər üçün kombinezon, tunik və hicab seçimlərinin də olacağını açıqlayıb.

BA-nın verdiyi açıqlamada hava yolu şirkətinin təxminən 20 ildən sonra işçilərinin geyimlərində hərtərəfli dəyişiklik etdiyi və bu ilin yazından etibarən təxminən 30 min işçinin yeni formalara keçməsinin planlaşdırıldığı bildirilib.

Açıqlamada bildirilir ki, aviaşirkətin yeni forma kolleksiyasında kişilər üçün üç parça kostyum, normal və dar kəsim üslublu şalvarlar, qadınlar üçün isə paltar, yubka və şalvar, həmçinin, ilk dəfə olaraq kombinezon, tunik və hicab variantları yer alıb.

Bildirilib ki, aviaşirkətin əməkdaşlarının yeni forma kolleksiyası qanalı ailədən olan ingilis modelyer Ozvald Boatenq tərəfindən təxminən 5 il müddətinə hazırlanıb.

Aviaşirkətin bəyanatını şərh edən BA-nın baş icraçı direktoru Şon Doyl deyir:

“Bizim formamız brendimizin simvolik bir rəmzidir. Yeni kolleksiya bizi gələcəyimizə aparacaq, müasir İngiltərəni ən yaxşı şəkildə təmsil edəcək və müştərilərimizə gözəl və əsl ingilis xidməti təqdim etməyə kömək edəcək”.

pia.az