Bloomberg: Türkiyə, Rusiya və BƏƏ Əsəd rejimini legitimləşdirmək üçün razılığa gəliblər

Əsəd rejimini legitimləşdirməkdə Türkiyə, Rusiya və BƏƏ-nin ortaq marağı var…

Türkiyə hakimiyyəti Suriya prezidenti Bəşər Əsədin hakimiyyətini legitim hakimiyyət kimi tanımağa hazırlaşır.

PİA.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri Əsəd rejiminin legitimləşdirilməsi üçün birlikdəçalışmağa razılığa gəliblər. Nəşrin yazdığına görə, Türkiyə Əsəd hakimiyyətinin legitimiyini tanımağa və planlaşdırılan reabilitasiyası çərçivəsində iki ölkə arasında diplomatik münasibətlərin bərpa olunmasına hazırlanır. Qeyd olunur ki, Ərdoğan hakimiyyəti Yaxın Şərqdə Türkiyənin mövqelərini gücləndirmək üçün bu addımı atır.

Bloomberg qeyd edir ki, Əsəd rejimini legitimləşdirməkdə Türkiyə, Rusiya və BƏƏ-nin ortaq marağı var. Bu ortaq maraq da, Amerika Birləşmiş Ştatlarını və İranı Suriyadan sıxışdırıb çıxarmaqdır.

Qarşıdan Türkiyədə prezident seçkiləri gəlir və ehtimal edilir ki, Əsəd tərəfi ilə münasibətlərin qurulması Suriyada ABŞ-ın dəstəklədiyi kürdlərin muxtariyyətinin formalaşmasını əngəlləyəcək. Birləşmiş Ərəb Əmirlikləri isə bu yolla İranın Suriyaya təsirini məhdudlaşdırmağa ümid edir.

Qeyd edək ki, daha əvvəl Ərdoğanın Əsədlə görüşəcəyi ilə bağlı xəbərlər yayılır. Ehtimal olunur ki, Türkiyə lideri seçkilərdən sonra Bəşər Əsədlə görüşəcək. Bu barədə Türkiyə prezidentinin nümayəndəsi bildirib ki, hazırda Bəşər Əsədlə Rəcəb Tayyib Ərdoğan arasında görüş üçün dəqiq tarix yoxdur.

Ötən ilin sonlarında Moskvada Türkiyə, Rusiya və Suriya müdafiə nazirlərinin görüşü keçirilib. Türkiyə müdafiə naziri Hülusi Akar bildirib ki, onlar görüşdə Suriyada terrora qarşı mübarizədə geriyə addım atmayacaqlarını birmənalı şəkildə bildiriblər.

pia.az