Amazon kütləvi ixtisara gedir, 18 000-dən çox insan işdən çıxaracaq

Səbəb pandemiya zamanı şirkətin həddən artıq çox adamı işə götürməsi olub…

Dünyanın texnoloji nəhənglərindən biri olan “Amazon” şirkəti dərinləşən texnoloji sənayenin tənəzzülü səbəbindən şirkət tarixində ən böyük ixtisarlara gedir.

PİA.az xəbər verir ki, bu barədə Bloomberg məlumat verib.

“Amazon”un baş direktoru Endi Cassi yanvarın 4-də şirkət çalşanlarına göndərdiyi mesajda şirkətdə təxminən 1% işçinin ixtisar olunacağını elan edib. Cassi bildirib ki, gözlənilən ixtisar illik planlaşdırma prosesinin bir hissəsi olaraq həyata keçiriləcək. Səbəb pandemiya zamanı şirkətin həddən artıq çox adamı işə götürməsi olub.

İxtisar 2022-ci ilin sonunda başlayıb. Əvvəl şirkət təxminən 10.000 nəfəri ixtisar etməyi planlaşdırırdı. Bloomberg-ə görə, iş yerlərinin ixtisarının ilk dalğasında, əsasən rəqəmsal köməkçi Alexa və Echo smart dinamikinin inkişaf qrupundan olan təxminən 2000 adam işini itirib.

Yeni ixtisarlar əsasən “Amazon”un pərakəndə satış bölmələrinə, eləcə də insan resursları departamentinə təsir edəcək. Şirkət işdən çıxarılan işçilərə işdən çıxma müavinəti, həmçinin müvəqqəti sağlamlıq müavinətləri və işə düzəlmə yardımı vəd edib.

Qeyd edilir ki, şirkətin investorları ixtisarlarla bağlı xəbərləri müsbət qarşılayıb. Yenidən təşkilin mənfəəti artıracağı gözlənildiyi üçün “Amazon”un səhmləri təxminən 2% bahalaşıb.

Qeyd edək ki, sentyabrın sonuna olan statistikaya əsasən e-ticarət nəhəngi 1,5 milyon işçi qüvvəsi ilə bazarın ən böyük oyuncusu olub.

pia.az