Bakıda mənzildə meyiti tapılan dörd nəfərdən ikisinin kimliyi məlum olub - Video, Foto,Yenilənib

Bakının Nərimanov rayonunda mənzildən meyiti tapılanlardan birinin şəxsiyyəti müəyyənləşib...

Paytaxtın Nərimanov rayonunda evdən meyiti tapılan 4 nəfərdən daha ikisinin kimliyi məlum olub.

APA-nın məlumatına görə, həmin şəxslərin Nəzərov Kənan və Səfərli Pərvin olduğu müəyyən edilib.

Məlumata görə, Pərvin Səfərli bir müddətdir həmin evdə kirayə qalırmış.

Xatırladaq ki, bundan əvvəl ölənlərdən birinin Sumqayıt sakini Kamran Allahverdiyev olduğu müəyyən edilib.

Onu da qeyd edək ki, bu gün səhər saatlarında Kamran Allahverdiyev və dostu Kənan Nəzərovun 5 gün əvvəl itkin düşmələri haqqında məlumat verilmişdir.

Kamran Allahverdiyevin xalası Kamranın dostu Kənanla birgə itkin düşdüyünü bildirmişdi.

***

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, kirayə qaldıqları mənzildə dəm qazından boğularaq ölənlərdən biri Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğludur.

Qeyd edək ki, 19 yaşlı K. Allahverdiyev dekabrın 31-də dostu ilə birgə evdən çıxıb və geri qayıtmayıb.

Kamran Allahverdiyev təhsilə gec başladığı üçün hazırda orta məktəbdə oxuyurdu.

Xatırladaq ki, K. Allahverdiyev paytaxtda yerləşən şadlıq evlərindən birində ofisiant işləyib.

Yaxınlarının verdiyi məlumata görə, onun atası Rusiyada işləyir.

Ailə əvvəl Bakıda yaşayıb, sonra Ukraynaya köçüb.

Buna görə Kamran Allahverdiyev 2 il təhsildən yayınıb.

Azərbaycana qayıdandan sonra qaldığı təhsilinə Sumqayıtda 31 nömrəli tam orta məktəbdə 7-ci sinifdən davam edib.

Qeyd edək ki, 10-cu sinif şagirdi dostu ilə birgə 5 gün idi ki, itkin düşmüşdü.

***

APA xəbər verir ki, meyitlər Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində yerləşən yataqxana tipli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində mənzildə aşkarlanıb.

Bildirilir ki, orta yaşlı şəxslər rayonlardan Bakıya işləməyə gəliblər. Onlar paytaxtda yerləşən bazarlardan birində fəhlə kimi çalışırmışlar.

Onların bir neçə gün əvvəl öldüyü qeyd olunur.

Meyitlər mənzildən çıxarılıb və ekspertizaya göndərilib.

Araşdırma aparılır. Ölüm səbəbi və ölənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər götürülür.

***

Baku TV-nin çəkiliş qrupu paytaxtın Nərimanov rayonunda dörd nəfərin meyitinin aşkarlandığı əraziyə yollanıb.

Canlı yayımı təqdim edirik:

##galery##

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən PİA.az-a bildirilib ki, hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.

Mənzilin sahibi polisə zəng edərək məlumat verib ki, kirayəyə verdiyi evin qapısı arxadan bağlıdır və nə qədər döysə də, qapını açan yoxdur. Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 nəfərin meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.

Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az