İordaniya kralı II Abdullah Əbu-Dabiyə təcili səfər edib

Yanvarın 4-də İordaniyanın Kralı II Abdullah qısa işgüzar səfərlə Əbu-Dabiyə gedib…

PİA.az xəbər verir ki, bu barədə İordaniyanın Roya News English kanalı məlumat yayıb.

Bildirilir ki, səfər çərçivəsində Kral Abdullanın BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü nəzərdə tutulub. Səfərin İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məbəd dağına getməsi ilə bağlı olduğu bildirilir.

Xatırladaq ki, yanvarın 3-də yeni İsrail hökümətinin ifrat sağçı daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir Yerusəlimdəki Məbəd dağına baş çəkib.

Ziyarətdən əvvəl Fələstinin Həmas qrupu İsrailə xəbərdarlıq etmişdi ki, Ben Qvirin Məbəd dağına səfəri regionda “vəziyyəti partlatacaq” və “fəlakətli nəticələrə” gətirib çıxaracaq. Bununla belə, Ben-Qvirin Məbəd dağına səfəri baş tutdu.

Bir neçə ölkə Ben-Qvirin davranışını pisləyib. Buna görə İsrailin baş naziri Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə səfəri təxirə salınıb. BƏƏ həmçinin Çinlə birlikdə bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının çağırılması üçün müraciət edib.

Xatırladaq ki, İordaniya müsəlmanların üçüncü ən vacib müqəddəs məkanı olan Əl-Əqsa məscidinə cavabdeh olan ölkədir. Məscid Yerusəlimdə Məbəd dağında yerləşir.

pia.az