I ixtisas qrupu üzrə qəbul qaydaları dəyişir

Yanvarın 1-dən I qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişir...

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 14 mart 2022-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.

Həmçinin riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1), riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.

İndiyə qədər I ixtisas qrupuna riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1) daxil olub.

Eyni zamanda, I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər.

pia.az