4500 il əvvələ aid 300-dən çox məzar tapılıb

Çində arxeoloqlar ölkənin mərkəzi hissəsindəki Henan əyalətində təxminən 4500 il əvvələ aid 300-dən çox məzar tapıblar...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qəbirlər tarixdən əvvəlki Çinin dəfn sistemini və sosial quruluşunu öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. Luoyanq Bələdiyyə Arxeologiya İnstitutunun məlumatına görə, Luoyanq şəhərindəki Suyanq xarabalıqları ərazisində yerləşən məzarlıq kompleksi təxminən 15.000 kvadratmetr ərazini əhatə edir və bütün dəfnlər düzbucaqlı torpaq çuxurlardan ibarətdir.

Suyanq sahəsində qazıntı layihəsinin rəhbəri Ren Quanq deyir:

“Məzarlar böyük ölçüdədir və onu Yanqşao mədəniyyətindən Lonqşan mədəniyyətinə keçid dövrünə qədər izləmək olar. Bunu mərkəzi düzənlik ərazisi kimi tanınan Zonqyuanda görmək olduqca nadirdir”.

Arxeoloqlar indiyədək 9 qəbir aşkar ediblər, məzarlardan isə 10 nəfərin skeleti tapılıb. Bəzi qəbirlər qəbirə basqın edənlərin ciddi ziyan vurduğunu göstərir. Renin dediyinə görə, ilkin qazıntılar göstərir ki, məzar kompleksi Lonqşan mədəniyyətinin ilkin mərhələsinə aid edilə bilər.

Türbələrin çox olmasının böyük akademik dəyərə malik olduğunu vurğulayan Ren bunun Longşan mədəniyyətindəki sosial mürəkkəblik və sivilizasiya prosesinin öyrənilməsi üçün mühüm ipucları verə biləcəyini, həmçinin, tədqiqatçılara bu dövrdə dəfn sistemini daha yaxşı başa düşməyə kömək edə biləcəyini əlavə edib.

Suyanq xarabalıqları 600.000 kvadratmetrdən çox ərazini əhatə edir. Luoyanq Bələdiyyə Arxeologiya İnstitutunun ərazidə 2021-ci ilin əvvəlində başlatdığı qazıntı işləri hələ də davam edir.

pia.az