Hulusi Akardan Suriya ilə bağlı açıqlama

Nazir Akardan yeni açıqlama: “Suriyalıları çətin vəziyyətə salacaq bir şey etmədik”...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Müdafiə naziri Hulusi Akar Suriya ilə 11 ildən sonra baş tutan ilk rəsmi təmasın ardından yeni bir açıqlama verib. Türkiyənin suriyalıları heç vaxt çətin vəziyyətə salmadığını vurğulayan nazir Akar deyib:

“Türkiyə və Suriyada yaşayan suriyalı qardaşlarımız əleyhinə hər hansı bir addımımız olmayıb. Onları heç vaxt çətin vəziyyətə salacaq bir davranış içində olmamışıq”.

Milli Müdafiə naziri Hulusi Akar dünən MİT rəhbəri Hakan Fidanla birlikdə Moskvaya gedib. Akar və MİT rəhbəri Fidan Rusiya Federasiyası müdafiə naziri Sergey Şoyqu və Suriya müdafiə naziri Əli Mahmud Abbas ilə görüşüb. 11 ildən sonra ilk görüş kimi tarixə düşən bu təmasları Rusiya rəsmiləri müşayiət edib.

Üçtərəfli görüşlərin davam etdirilməsi ilə bağlı razılığa gəldiklərini açıqlayan nazir Akar dünənki çıxışında: “Ümidimiz bölgəyə sülh, əmin-amanlıq və sabitliyin ən qısa zamanda gəlməsidir. Bunun üçün indiyə qədər etdiyimiz kimi, bundan sonra da üzərimizə düşən vəzifəni yerinə yetirməyə, lazımi töhfələri verməyə davam edəcəyik”, deyə qeyd edib.

pia.az