Rusiya generalı “Vaqner qrupu”nun qanunsuz olduğunu bildirib

General Viktor Sobolev Priqojinin Baş Qərargahı tənqidindən sonra "Vaqner" ÖHŞ-ni “yerində oturtmağa” çağırıb. 58-ci Ordunun keçmiş komandanı xatırladıb ki, Rusiyada özəl hərbi şirkətlər qanunla qadağandır…
General Sobolev: “Vaqner qrupu” Xüsusi Hərbi əməliyyatda elə bir ciddi rol oynamır ki, şərtləri diqtə eləsin”.

PİA.az xəbər verir ki, Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev NSN-ə açıqlamasında bildirib.

General qeyd edib ki, “Vaqner” Özəl Hərbi Şirkəti Ukraynadakı müharibədə öz şərtlərini diktə edəcək qədər əsas rol oynamır. “Vaqnerçi”lərin Baş Qərargah rəisi Valeri Gerasimovun tənqidini şərh edən Sobolev qeyd edib ki, hərbi rəhbərlik çatışmazlıqları görür və onları aradan qaldırır. “Vaqner qrupu”nu isə onun fikrincə, çoxdan “yerində oturdulmalı” idi. 58-ci Ordunun keçmiş komandanı xatırladıb ki, Rusiyada özəl hərbi şirkətlər qanunla qadağandır.

“Döyüşləri təşkil edənlərin tənqidi qəbuledilməzdir. Hər kəs döyüşü kənardan görərək özünü strateq zənn edir. “Vaqner ÖHŞ-nin təsisçisi Yevgeni] Priqojin kənar adam olmasa da, səmimi olaraq deməliyəm ki, onun şəxsi hərbi şirkəti var və bu, qanuna ziddir. Bəli, onlar bizim tərəfimizdədir, gözümüzü yumuruq, amma bu, təkrar edirəm, qanunsuzdur”, deyə Sobolev bildirib.

Dumanın Müdafiə Komitəsinin üzvü qeyd edib ki, hazırda cəbhə zonasında vəziyyət sabitləşib, birləşmələr və bölmələr üçün komanda və idarəetmə sistemi təkmilləşdirilib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi bütün problemləri görür və həll edir. General hesab edir ki, Baş Qərargah rəisinin dəyişdirilməsi vəziyyətə müsbət təsir etməyəcək.

“Çoxdan “Vaqner” ÖHŞ-ni öz yerində oturtmaq lazım idi. Onlar öz şərtlərini diktə etmək üçün xüsusi əməliyyat zonasında elə də əhəmiyyətli rol oynamırlar. Özünüzü başqalarından üstün tutmaq isə yolverilməzdir”, deyə general-leytenant əlavə edib.

Qeyd edək ki, “Vaqner” ÖHŞ-ninin təsisçisi və sahibi, rusiyalı milyarder, Putinin yaxın ətrafından olan Yevgeni Priqojin daha əvvəl Rusiyanı ordusunun komandanlığını tənqid etmişdi

pia.az