Rusiyanın “Vardanyan planı” işləyəcəkmi? - Rəsmi Bakı indi daha radikal addımlar atmalı deyilmi?

Azərbaycan indiki məqamda həm Ermənistana, həm separatçılara, həm də digər üçüncü tərəf sayılacaq qüvvələrə layiqli cavab verməlidir...

Politoloq: “Rusiya çalışır ki, Qarabağa status verilsin və buna görə Ruben Vardanyanı Xankəndinə gətirdi”.

“Azərbaycan yumuşaq gücdən istifadə etdi. Bu məsələdə ekofəallar və QHT prosesə start verərək humanitar məqsədlər istisna olmaqla yolu qanunsuz fəaliyyətə görə bağlandı”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə indiki mərhələdə Azərbaycan-Ermənistan arasında baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Erməni separatçılarının 10 gündür çalışdıqları mitinq Xankəndi şəhərinin mərkəzində baş tutdu. Görünən odur ki, Vardanyanın 26-27-də MDB liderlərinin Sankt-Peterburq şəhərində ənənəvi Yeni il ərəfəsində qeyri-rəsmi keçirilən sammitindən gözləntiləri var.

Vardanyanın bu gözləntiləri nədən ibarətdir? Eyni zamanda rəsmi Bakı indiki məqamda həm Ermənistana, həm separatçılara, həm də digər üçüncü tərəf sayılacaq qüvvələrə layiqli cavab verməli, ən yaxşı halda Şuşa-Laçın yolundakı aksiyaların miqyasını artırmalı deyilmi? Yəni konkret olaraq aksiyalara dövlət dəstəyinin verilməsinin zamanı çatmadı?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Azərbaycan tərəfi Rusiya ilə danışıqlar aparacaq ki, dəhlizdə post təşkil etsin. Bu ciddi danışıqlar tələb edir və çox mürəkkəbdir”.

Azərbaycan üçün yalnız bir məsələ, Xankəndinə nəzarəti bərpa məsələsinin olduğunu vurğulayan politoloq bildirib ki, ona görə də artıq Xankəndi yolunda mini gömrük və nəzarət buraxılış məntəqəsi təsis edilməlidir:

“Ermənistan 10 noyabr Birgə Bəyannamənin bəndələrini xüsusilə 4 və 9-cu bəndi yerinə yetirmir. Üstəlik, Rusiya çalışır ki, Qarabağa status verilsin və buna görə Ruben Vardanyanı Xankəndinə gətirdi. Azərbaycanın çıxış yolu yoxdur. Danışıqlar müstəvisində heç bir nəticə olmadı.

Nəticədə, Azərbaycan yumuşaq gücdən istifadə etdi. Bu məsələdə ekofəallar və QHT prosesə start verərək humanitar məqsədlər istisna olmaqla yolu qanunsuz fəaliyyətə görə bağlandı. Bu, Azərbaycanin müstəsna hüququdur və heç də 10 noyabr Birgə bəyannamənin bəndələrini zidd deyil.

Məhəmməd Əsədullazadə: “Geri addım atmaq olmaz və biz razılaşmaların icrasına nail olmalıyıq”.

Ruben Vardanyan Xankəndində mitinq təşkil etməsinə gəldikdə, bununla heç də Azərbaycana təzyiq edə bilməzlər. Bu mitinqlər ötən əsrin 80-ci illərində faciəli müharibəyə gətirib çıxardı. Azərbaycan artıq güclüdür və bizi belə bir mitinqlər öz siyasətimizdən geri addım atmasına gətirib çıxarmayacaq. Bu MDB dövlət başçıları sammiti öncəsi Kreml tərəfindən güc nümayişidir. Azərbaycan üçün yalnız bir məsələ var, Xankəndinə nəzarəti bərpa etmək. Ona görə də artıq Xankəndi yolunda mini gömrük və nəzarət buraxılış məntəqəsi təsis edilməlidir. Geri addım atmaq olmaz və biz razılaşmaların icrasına nail olmalıyıq.

Hesab edirəm ki, Azərbaycan tərəfi Rusiya ilə danışıqlar aparacaq ki, dəhlizdə post təşkil etsin. Bu ciddi danışıqlar tələb edir və çox mürəkkəbdir. Moskva bununla barışmalıdır. Əksi isə, güc tətbiqi ilə buna nail olacağıq”.

Nərminə UMUDLU pia.az