Prezident İlham Əliyev böyük prosesin anonsunu verdi...

Prezidentin Qərbi Azərbaycan anonsu - Ermənilərin haqqı var, bizim haqqımız yoxdurmu?..

Politoloq: “Ümumiyyətlə, Qərbi Azərbaycanın hissə-hissə Azərbaycandan alınması, habelə müxtəlif vaxtlarda yerli əhalinin ərazidən köçürülməsi domino effekti yaratdı”.

“Rəsmi Bakı Ermənistana qarşı növbəti təzyiq vasitəsi kimi Qərbi azərbaycanlılardan istifadə edə bilər. Prinsip etibarilə əsl qaçqınlar da məhz Qərbi azərbaycanlılardır”.

Bu sözləri politoloq Turan Rzayev prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı verdiyi mesajı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Ölkə başçısının çıxışında diqqətçəkən məqamlardan biri onun “Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar” sözləri oldu. Bununla da Prezident böyük prosesin anonsunu verdi.

Eyni zamanda Prezident çıxışı zamanı qeyd etdi ki, “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”.

Ölkə başçısı qeyd etdi ki, bu məqam həqiqətdir. Həm Qərbi Azərbaycanın parça-parça Azərbaycandan necə qoparılması, həm də bu torpaqların əsl sahiblərinin müxtəlif vaxtlarda məcburi şəkildə torpaqlarından didərgin salınması xəritələr və sənədlərdə öz əksini tapıb.

Bəs rəsmi Bakının Ermənistana qarşı növbəti təzyiq vasitəsi kimi Qərbi Azərbaycan faktorundan istifadə etməsi münaqişəyə necə təsir edəcək?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Sayı heç 50 min nəfər olmayan ermənilər üçün status tələb edən Qərbin qarşısına sayı bir milyondan çox olan Qərbi azərbaycanlıları təqdim etmək mümkündür”.

Bir müddət öncə bəzi rayonlarda Qərbi azərbaycanlıların siyahıya alınma prosesinin getdiyinə dair informasiyanın yayıldığını xatırladan politoloq əlavə edib ki, rəsmi Bakı Qərbi azərbaycanlıların tam siyahısını tərtib etdikdən sonra, bunu başda BMT olmaqla bir sıra beynəlxalq insan haqları və siyasi təşkilatlara təqdim edə bilər:

“Ümumiyyətlə, Qərbi Azərbaycanın hissə-hissə Azərbaycandan alınması, habelə müxtəlif vaxtlarda yerli əhalinin ərazidən köçürülməsi domino effekti yaratdı. Ermənilər Qərbi Azərbaycanın ardınca bənzər prosesi Naxçıvanda da etdi. Naxçıvanın bugünkü ərazisindən iki dəfə çox ərazisi ermənilər tərəfindən müxtəlif bəhanələr ilə ilhaq edilib. SSRİ dövründə yaradılan Mehri rayonu belə məhz Naxçıvan və Qərbi Azərbaycan torpaqları hesabına yaradılıb.

Qarabağda da bu proses başlansa da, SSRİ-nin dağılması və digər faktorlar səbəbindən ermənilər niyyətlərinə çata bilmədi. Bu zaman isə ermənilər separatçılıq kartına əl ataraq bunu işğal siyasəti ilə pərçimlədi. Lakin Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə 27 illik işğala son qoydu. Bu həm də Qərbi Azərbaycanla başlanan domino effektini sonlandırdı.

Ölkə başçısı qeyd etdi ki, mən əminəm ki, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Erməni zülmündən, işğalından ən çox əziyyət çəkənlər şübhəsiz Qərbi azərbaycanlılardır. Məhz ölkə başçısının Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsi heç də təsadüfi deyil.

Turan Rzayev: “Erməni zülmündən, işğalından ən çox əziyyət çəkənlər şübhəsiz Qərbi azərbaycanlılardır”.

Rəsmi Bakı Ermənistana qarşı növbəti təzyiq vasitəsi kimi Qərbi azərbaycanlılardan istifadə edə bilər. Prinsip etibarilə əsl qaçqınlar da məhz Qərbi azərbaycanlılardır. Bu gün sonuncu, yəni 1988-ci ildə Qərbi Azərbaycandan məcburi şəkildə qovulan azərbaycanlının 5-ci nəsli dünyaya gəlir.

Sayı bir milyondan çox olan Qərbi azərbaycanlılar Bakının İrəvana qarşı başlıca təzyiq vasitəsi ola bilər. Sayı heç 50 min nəfər olmayan ermənilər üçün status tələb edən Qərbin qarşısına sayı bir milyondan çox olan Qərbi azərbaycanlıları təqdim etmək mümkündür.

Hesab edirəm artıq bu istiqamətdə işlər də gedir. Bir müddət öncə bəzi rayonlarda Qərbi azərbaycanlıların siyahıya alınma prosesinin getdiyinə dair informasiya yayıldı. Rəsmi Bakı Qərbi azərbaycanlıların tam siyahısını tərtib etdikdən sonra bunu başda BMT olmaqla bir sıra beynəlxalq insan haqları və siyasi təşkilatlara təqdim edə bilər.

Ölkə başçısının dediyi kimi Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”.

Nərminə UMUDLU pia.az