Covid-19 həbibin ölüm riskini azaltmadığı ortaya çıxıb

Covid-19 həbi “Molnupiravir”in risk altında olan insanlarda ölüm riskini azaltmadığı ortaya çıxıb...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərədə yerləşən Oksford Universiteti bu gün ölkədə istifadə üçün təsdiqlənmiş Covid-19 həbi ilə bağlı klinik araşdırma nəticələrini dərc edib. “Molnupiravir” həbinin yüksək risk altında olan peyvənd edilmiş Covid-19 xəstələri arasında xəstəxanaya yerləşdirmə və ya ölüm hallarını azaltdığı qeydə alınmayıb.

Digər tərəfdən, həbin bəzi insanlarda daha sürətli sağalma təmin etdiyi, dərmanı qəbul edənlərin isə özlərini daha yaxşı hiss etdiyi bildirilib.

Kliniki sınaqda orta və yüksək risk altında qiymətləndirilən 25 min 786 nəfər iştirak edib və həbdən istifadə edənlərin yalnız Covid-19 simptomları baxımından yaxşılaşdığı görülüb. Elm adamları Covid peyvəndinin hələ də ən yüksək qorunma təmin edən dərman olduğunu vurğulayıblar.

Qeyd edək ki, İngiltərə 2021-ci ilin noyabrında “Molnupiravir”i təsdiqləyən ilk ölkə olub.

pia.az