Dekabr ayında Çində 250 milyon insan COVID-19-a yoluxub

Çində dekabrın əvvəlindən bəri 250 milyon insan koronavirusa yoluxub ki, bu da ölkə əhalisinin 18%-ni təşkil edir...

PİA.az xəbər verirlir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir.

Pekində, eləcə də Çinin cənub-qərbindəki Sıçuan əyalətində bütün sakinlərin yarıdan çoxu virusa yoluxub, deyə Bloomberg Çinin Milli Səhiyyə Komissiyasının qapalı iclasının protokoluna istinadən xəbər verir.

Agentlik yazır ki, eyni zamanda, bir gündə, dekabrın 20-də Çində demək olar ki, 37 milyon vətəndaş COVID-19-a yoluxub. Bu, bütün pandemiya dövründə ölkədə ən böyük yoluxmadır. Bundan əvvəlki antirekord yanvar ayında gündə 4 milyon yoluxma qeydə alınıb.

Lakin bu rəqəmlər ÇXR hakimiyyət orqanlarının dərc etdiyi rəsmi məlumatlardan çox fərqlidir. Məsələn, dekabrın 20-də hökumət COVID-19-a 3049 yoluxma hadisəsi, dekabrın 21-də isə 2996 yoluxma və dekabrın əvvəlindən 10 nəfərin ölümü barədə məlumat verib.

Bloomberg qeyd edir ki, səhiyyə komissiyasının statistikasının nəyə əsaslandığı bəlli deyil, çünki dekabrın əvvəlində Çin səlahiyyətliləri əvvəllər hər yerdə işləyən PCR test saytlarını bağladılar. Ölkə sakinləri müstəqil olaraq sürətli testlərdən istifadə edə bilərlər, lakin onların nəticələrini səlahiyyətli orqanlara bildirmələri tələb olunmur.

Bundan əlavə, agentliyin aydınlaşdırdığı kimi, protokolda ölüm statistikası göstərilmir. Bloomberg-ə görə, Pekin və Şanxay da daxil olmaqla, böyük şəhərlərdəki xəstəxanalar dolub və krematoriyalar mövcud iş yükü ilə ayaqlaşmaqda çətinlik çəkirlər.

Milli Səhiyyə Komissiyası bununla bağlı Bloomberg-in sorğusuna cavab verməyib.

Bloomberg qeyd edir ki, COVID-19-un yeni epidemiyası çox güman ki, covid məhdudiyyətlərinin kəskin şəkildə qaldırılmasının nəticəsidir. Omicron ştammı immunitetı aşağı olan əhali arasında sürətlə yayılmağa başlayıb.

Çin hakimiyyəti noyabr ayında ölkəni bürüyən etiraz dalğasından sonra kovid məhdudiyyətlərini yumşaltmağa başladı. Covid-19-a qarşı sərt “sıfır tolerantlıq” siyasətindən yorulan insanlar məhdudiyyətlərin və təcridin aradan qaldırılmasını tələb ediblər.

Dekabrın 12-də Çin hakimiyyəti vətəndaşların yerini izləmək və onların hərəkətləri haqqında məlumat toplamaq üçün istifadə edilən "Hərəkət Kodu" mobil proqramından imtina edib.

Tərcümə PİA.az-a aiddir

pia.az