“Vasif Talıbov vətənə xəyanət maddəsi ilə həbs edilməlidir” - Hafiz Hacıyev

“Vasif Talıbovun ətrafı tam təmizlənməlidir. Çünki Vasif Talıbovun ətrafı bir qara kimi Azərbaycanı bürüyüb”.

Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verdi. Bildiyimiz kimi Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışırdı. Son günlərdə isə Vasif Talıbov haqqında heç də xoş olmayan xəbərlər yayılmağa başladı.

Bəs 27 illik hakimiyyəti bir istefa ilə tərk etmək nə qədər doğrudur?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Vasif Talıbovun incə istefası qəbul olunmazdır. Çünki onun dövlətdən oğurladığı 50 milyardın 20 milyardını ölkədə dövlət çevrilişi olmasına xərcləməsi gözləniləndir”.

Vasif Talıbovun haqqında ciddi tədbirlərin görülməli olduğunu düşünən partiya sədri əlavə edib ki, onun xəstəliyi də yalandır:

“Vasif Talıbovun belə asanlıqla getməsini qəbul etmirəm. Vasif Talıbov vətənə xəyanət maddəsi ilə həbs edilməlidir. Eyni zamanda dövlətə vurduğu ziyanlar və dövlətdən mənimsədiyi mallar da əlavə maddə kimi üzərinə qoyulmalıdır. Onun ətrafında olanlar və ona qorxma-qorxma deyənlər də məsuliyyətə cəlb edilməlidir. İstər Azərbaycanda, istərsə də Naxçıvanda onunla əlbir olan məmurlar da istintaq qarşısında cavab verməlidirlər.

Bir sözlə Vasif Talıbovun ətrafı tam təmizlənməlidir. Çünki Vasif Talıbovun ətrafı bir qara kimi Azərbaycanı bürüyüb. Onlar da Azərbaycanın inkişafına böyük maneələr törədirlər. Bu gün onun ətrafında olan məmur təbəqəsi Vasif Talıbovun istefasını sevincək qəbul etməməlidir. Yəni artıq o məmurların əlləri-qolları açıldı və Azərbaycanda dövlət çevrilişi etmək üçün planlar hazırlayırlar. Bunlar Ali Məhkəmənin sədri Ramiz Rzayev, Sumqayıtın icra başçısı, Rövnəq Abdullayev, keçmiş Milli Təhlükəsizlik naziri, Zakir Qaralov və Ramiz Mehdiyevin hakimiyyətdə olan ətrafıdır.

Hafiz Hacıyev: “Artıq o məmurların əlləri-qolları açıldı və Azərbaycanda dövlət çevrilişi etmək üçün planlar hazırlayırlar”.

Eyni zamanda Vasif Talıbovun incə istefası da qəbul olunmazdır. Çünki onun dövlətdən oğurladığı 50 milyardın 20 milyardını ölkədə dövlət çevrilişi olmasına xərcləməsi gözləniləndir. Şəxsən mən Hafiz Hacıyev olaraq buna dözə bilmərəm. Bizim partiya bu haqda çox ciddi düşünür. Yaxın günlərdə partiyanın bununla bağlı bəyanatları da olacaq.

Vasif Talıbov haqqında ciddi tədbirlər görülməlidir. Onun xəstəliyi də yalandır. Vasif Talıbov 44 miyardı yığanda xərclənmirdi, indi xəstələndi? Bunların hamısı bəhanələrdir. Dövlət əleyhinə işləri üzə çıxan məmurların hamısı o dəqiqə xəstələnməyə başlayırlar. Buna görə də biz sakit istefanı normal qarşılamırıq”.

Nərminə UMUDLU pia.az