Azərbaycanın Ukraynaya yardımı Rusiya niyə çaşqınlıqla qarşılayır?

Moskvanın Qarabağa yolladığı mənşəyi məlum olmayan “humanitar yardımlar”ını Azərbaycan niyə çaşqınlıqla qarşılamır?...

Politoloq: “Dünyanın Rusiyanın Ukraynada insanlığa sığmayan hərəkətlərinə çaşqınlıq və nifrət hissi ilə baxdığı bir halda Azərbaycanın insanı və humanitar məqsədlərlə Ukraynaya yardım etməsinə Rusiyanın çaşqınlıqla baxmasının özü gülüncdür”.

“Rusların yardım anlayışına ancaq yardım etdiklərini bir-birini məhv etmək üçün silah-sursat vermək daxildir. Əslində bunda təəccüblü heç nə yoxdur”.

Bu sözləri politoloq Azər Qasımov Azərbaycanın Ukraynaya yardımının Rusiyada çaşqınlıq yaratmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya KİV -ləri Rusiya XİN-də olan mənbəyə əsasən məlumat yayıb ki, Azərbaycanın Ukraynaya “humanitar yardım kimi” transformator və generatorları təhvil verməsi Rusiyada çaşqınlıq yaradır. Rusiyanın bu çaşqılnlığının səbəbi nədir? Moskvanın Qarabağa yolladığı mənşəyi məlum olmayan “humanitar yardımlar” bizdə niyə çaşqınlıq yaratmır?

Mövzunu PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Rusiyanın idarəçiləri ətraflarında süni düşmən obrazı yaratmaqla nə öz xalqını, nə də digər xalqları normal yaşamağa qoymurlar”.

Rus şovinizminin onların gözünü bağladığını vurğulayan politoloq PAİ.az-a açıqlamasında qeyd edib ki, Moskva bütün dünyanı özünə düşmən hesab edir. Ona görə də öz sərhəddindən kənarda olanların hamısını Ukraynada olduğu kimi məhv etməyə hazırdırlar:

“Dünyanın Rusiyanın Ukraynada insanlığa sığmayan hərəkətlərinə çaşqınlıq və nifrət hissi ilə baxdığı bir halda Azərbaycanın insanı və humanitar məqsədlərlə Ukraynaya yardım etməsinə Rusiyanın çaşqınlıqla baxmasının özü gülüncdür. Rusiyanın bu çaşqınlığının tək səbəbi var, bu da, etdiyi hərəkətin nə anlama gəldiyini anlamamasıdır. Rus şovinizmi onların gözünü elə bağlayıb ki, bütün dünyanı özlərinə düşmən hesab edirlər. Ona görə də öz sərhəddindən kənarda olanların hamısını Ukraynada olduğu kimi məhv etməyə hazırdırlar.

Rusların yardım anlayışına ancaq yardım etdiklərini bir-birini məhv etmək üçün silah-sursat vermək daxildir. Əslində bunda təəccüblü heç nə yoxdur. Rusiyanın yaşam fəlsəfəsini insanlarının sivil cəmiyyətdə normal yaşaması təşkil etmir. Onların yaşam fəlsəfəsi ölüm-qalım üzərində qurulmuş mədəni dünyanın yox, üçüncü dünya ölkələrinin həyat fəlsəfəsi üzərində qurulub. Ona görə də işləri ancaq silah istehsal etməkdən ibarətdir.

Azər Qasımov: “Onların “humanitar yardım” anlayışı özlərinin təfəkkürünə əsaslanır”.

Vətəndaşlarının yaxşı yaşaması üçün vəsaiti silah istehsalına xərcləməklə onları yaşatdığı şərait hamıya bəllidir. Bir qrup oğru məmurlardan və onların himayə etdiyi müəyyən qrup insanlardan başqa bütün əhali keçən əsrin əvvəllərindəki şəraitlərdə yaşayırlar. Amma Rusiyanın idarəçiləri ətraflarında süni düşmən obrazı yaratmaqla nə öz xalqını, nə də digər xalqları normal yaşamağa qoymurlar.

Azərbaycan xalqının Ukrayna xalqının düşdüyü vəziyyəti, çəkdiyi əziyyəti hiss edib, onlara yardım etməsini Rusiya anlaya bilməz. Çünki onlarda belə bir xüsusiyyət yoxdur. Biz də bunu yaxşı bilirik. Ona görə də bunu sakit qəbul edirik. Onların “humanitar yardım” anlayışı özlərinin təfəkkürünə əsaslanır. Yəni azərbaycanlılar erməniləri məhv etmək istəyir, ona görə də biz ermənilərə “humanitar yardım” adı ilə minalar, mərmilər və s. silah-sursat veririk ki, siz də onları məhv edin, çalışın bacarsanız özünüz də sağ qalın. Amma Ruslar yaxşı bilir ki, belə “humanitar yardım” alan insanların da sağ qalması mümkün deyil. Azərbaycan tərəfi onları da gec-tez cəhənnəmə göndərəcək. Rusiya da buna baxıb öz vəhşi hisslərinin tələbatını ödəyəcək, sizlərə bu da azdır deyəcək”.

Nərminə UMUDLU pia.az