Vardanyan faktiki olaraq Arutunyanı devirib... - Paşinyan məmnundurmu?

Sülhməramlıların nəzarətində olan ərazidə hakimiyyət tam olaraq Ruben Vardanyan tərəfindən ələ keçirilib...

Politoloq: “Qarabağda separatçıların başçısının Arturyanın, ya da Vardanyanın olmasının Azərbaycan üçün fərqi yoxdur. Çünki onlar Azərbaycan üçün, ümumilikdə beynəlxalq hüquq üçün qeyri-qanuni ünsürlərdir”.

“Vardanyan da Köçəryan, Sərkisyan kimi Qarabağ kartından istifadə edib Ermənistanda hakimiyyətə gəlmək istəyir”.

Bu sözləri politoloq İlqar Vəlizadə sülhməramlıların nəzarətində olan ərazidə hakimiyyətin tam olaraq Ruben Vardanyan tərəfindən ələ keçməsini PİA.az-a şərh edərkən qeyd edib.

Sülhməramlıların nəzarətində olan ərazidə hakimiyyətin tam olaraq Ruben Vardanyan tərəfindən ələ keçirildiyi müşahidə olunur və belə görünür ki, Araik Arutunyan faktiki olaraq hakimiyyətdən uzaqlaşdırılıb.

Vardanyanın separatçılar üzərində hakimiyyət qurmasının Ermənistana və Paşinyan hakimiyyətinə hansı təsirləri ola bilər və Vardanyanın faktiki olaraq separatçıların liderinə çevrilməsi Paşinyanı məmnun edir?

Qeyd edək ki, bu gün Ermənistanın “Hraparak” qəzeti yazıb ki, Ruben Vardanyan Araik Arutunyanın kadrlarını Paşinyana rəğbət bəsləyən şəxslərlə dəyişir.

Vardanyanın Qarabağda yürütdüyü siyasəti PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Əgər Ermənistan vaxtı ilə və indiki zamanda separatçıları dəstəkləməsəydi, bu zaman Paşinyanın özünə də təhdidlər yaranmazdı”.

Rusiyanın Ermənistanda Paşinyanın yerinə hakimiyyətə Vardanyanı gətirmək istədiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, son 30 ildə indiki hakimiyyətini çıxmaq şərti ilə, Ermənistanın bütün hakimiyyətləri məhz Qarabağda formalaşıb:

“İlk öncə qeyd edim ki, Qarabağda separatçıların başçısının Arturyanın, Vardanyanın olmasının Azərbaycan üçün fərqi yoxdur. Çünki onlar Azərbaycan üçün, ümumilikdə beynəlxalq hüquq üçün qeyri-qanuni ünsürlərdir. Buna görə də, ünumiyyətlə onlar regionu tərk etməlidirlər. Danılmaz faktdır ki, həm Azərbaycan dövləti, həm də Azərbaycan cəmiyyəti bu məsələyə və problemin həllinə bu cür yanaşır.

Amma separatçıların başçısının təyin olması Ermənistanın daxili məsələsidir. Vardanyanın və onun arxasında dayananların əsas məqsədi odur ki, Ermənistandan indiki hakimiyyəti yıxsınlar. Beləliklə də onlar hakimiyyətə Paşinyanın yerinə Vardanyanı gətirmək istəyirlər. Vardanyan separatçıların keçmiş başçıları kimi fəaliyyət göstərmək istəyir. Yəni Vardanyan da Köçəryan, Sərkisyan kimi Qarabağ kartından istifadə edib Ermənistanda hakimiyyətə gəlmək istəyir. Düşünürəm ki, Vardanyan bu ssenari üzərində işləyir. Ümuçiyyətlə isə son 30 ildə indiki hakimiyyətini çıxmaq şərti ilə, Ermənistanın bütün hakimiyyətləri məhz Qarabağda formalaşıb.

İlqar Vəlizadə: “Seperatçılar Paşinyana və indiki Ermənistan hakimiyyətinə qarşı planlarını həyata keçirməyə cəhd göstərirlər”.

Bir daha qeyd edim ki, Azərbaycan üçün seperatçısın kimin lider olmasının fərqi yoxdur. Hərdən deyirlər Azərbaycanla, Paşinyanın bu məsələdə mövqeləri üst-üstə düşür. Amma bilməlidirlər ki, Azərbaycanın Ermənistanın indiki hakimiyyəti ilə maraqları əsaslı məsələlərdə ayrılır. Çünki yanaşmalar fərqlidir.

Əgər Ermənistan vaxtı ilə və indiki zamanda separatçıları dəstəkləməsəydi bu zaman Paşinyanın özünə də təhdidlər yaranmazdı. Amma madam ki, Ermənistandan seperatçı rejimə dəstək var, bu seperatçı rejimin başçıları da bundan istifadə edirlər. Onlar Paşinyana və indiki Ermənistan hakimiyyətinə qarşı planlarını həyata keçirməyə cəhd göstərirlər”.

Nərminə UMUDLU pia.az