Avropanın xristian rasizmi - Litva və Estoniya Azərbaycanın əleyhinə çıxır...

Litva və Estoniya dövlətləri tərəfindən Azərbaycan əleyhinə addımlar atılır. Bu iki ölkə ilə tərəfdaşlıq məsələlərinə yenidən baxıla bilərmi?..

Siyasi-şərhçi: “Litva və Estoniyanın Laçın yolundakı aksiya ilə əlaqədar mövqeləri ilə Britaniya tərəfinin mövqeyi arasında heç bir fərq yoxdur. Bu məsələnin kökündə birbaşa xristian təəssübkeşliyi dayanır”.

““Dağlıq Qarabağ” ifadəsi işlədən istənilən ölkə ilə münasibətlərimizə yenidən baxmalıyıq”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Litva və Estoniya dövlətləri tərəfindən Azərbaycan əleyhinə atılan addımları PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Litva və Estoniya dövlətləri tərəfindən Azərbaycan əleyhinə addımlar atılır. Bu Baltikyanı ölkələrin XİN-lərinin ortaya qoyduğu qərəzli mövqeyə Azərbaycan XİN artıq tutarlı cavab verib. Dost ölkələr hesab edilən Litva və Estoniyanın dövlətimiz üçün belə bir həssas məqamda bu cür hərəkətləri nədən xəbər verir? Bu iki ölkə ilə tərəfdaşlıq məsələlərinə yenidən baxıla bilərmi?

Litva və Estoniyanın Azərbaycana qarşı tutduğu mövqeyi PİA.az-ın əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Litva və Estoniya kimi ölkələrdə lobbi fəaliyyətimizi gücləndirməyə, diaspora fəaliyyətimizi artırmağa xüsusi diqqət ayırmalıyıq”.

Bu mənfur bəyanatlara Xarici İşlər Nazirliyimizin cavab verdiyini xatırladan siyasi-şərhçi PİA.az-a açıqlamasında vurğulayıb ki, bu yetmir. Daha sərt formada davranış sərgiləmək lazımdır. Hətta bu ölkələrlə olan yaxın iqtisadi əlaqələrimizə yenidən baxmağa qədər:

“Bu məsələyə təəccüblənmək və təəssüflənmək lazım deyil. Nə gözləyirdiniz? Son iki ildə Böyük Britaniyanı Azərbaycana ən yaxın ilk beşlikdə qərarlaşan ölkələrdən biri sayırdıq. Amma nə oldu? BMT Təhlükəsizlik Şurasının son toplantısında guya Azərbaycan tərəfi Laçın yolunda “blokada” yaradıb və bunun aradan qaldırılması üçün çağırış edən ölkələr sırasında Britaniya da yer aldı. Halbuki, II Qarabağ savaşında haqlı olaraq, Azərbaycan tərəfin haqq savaşı apardığını bəyan edən ölkə idi. İndi nələr dəyişdi?

Litva və Estoniyanın Laçın yolundakı aksiya ilə əlaqədar mövqeləri ilə Britaniya tərəfinin mövqeyi arasında heç bir fərq yoxdur. Bu məsələnin kökündə birbaşa xristian təəssübkeşliyi dayanır. Onun üçün də heç zaman xristian dünyasının hansısa bir ölkəsindən ədalət gözləməyə dəyməz. Hər zaman “türkün türkdən başqa dostu yoxdur” deyimini əsas götürməliyik. Türk dünyasında belə qardaş Türkiyədən başqa hansısa bir türk ölkəsinə sona qədər güvənməməliyik.

Cavanşir Abbaslı: “Bu proseslərə “burun soxmağa” çalışan istənilən ölkə unutmamalıdır ki, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır, onlar da bizim daxili işlərimizə qarışmamalıdır”.

Baltikyanı ölkələrin bu mövqeyinə tutarlı cavabın verilməsi vacibdir. Bu mənfur bəyanatlara Xarici İşlər Nazirliyimiz cavab verdi. Düşünürəm ki, bu yetmir. Daha sərt formada davranış sərgiləmək lazımdır. Hətta bu ölkələrlə olan yaxın iqtisadi əlaqələrimizə yenidən baxılmağa qədər onları “cəzalandırmalıyıq”. Biz “Dağlıq Qarabağ” ifadəsinin tarix olduğunu bildiririk, 44 günlük savaşda bu termini sıradan çıxardığımızı bəyan etmişik. Amma sanki qəsdən bu tipli ölkələr bəyanatlarında bu ifadələrə geniş yer ayırırlar. “Dağlıq Qarabağ” ifadəsi işlədən istənilən ölkə ilə münasibətlərimizə yenidən baxmalıyıq.

Hazırda Avropa qaz məngənəsində sıxılmağa doğru gedir. Əlimizə bir şans da düşüb. Litva və Estoniya kimi ölkələri bu qaz məngənəsində sıxmalıyıq. Düşünürəm ki, bunun üzərində düşünmək lazımdır. Eyni zamanda, bu proseslərə “burun soxmağa” çalışan istənilən ölkə unutmamalıdır ki, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır, onlar da bizim daxili işlərimizə qarışmamalıdır.

Sonda da bir məsələyə də xüsusi diqqət edim. Litva və Estoniya kimi ölkələrdə lobbi fəaliyyətimizi gücləndirməyə, diaspora fəaliyyətimizi artırmağa xüsusi diqqət ayırmalıyıq ki, bu cür hallarda onların qəzəb doğuran açıqlamaları, bəyanatları ilə üz-üzə qalmayaq”.

Nərminə UMUDLUpia.az