Taliban əfqan qadınlara universitet təhsilini qadağan etdi

“Taliban hər gün açıq şəkildə göstərir ki, onlar əfqanların, xüsusən də qadınların fundamental hüquqlarına hörmət etmirlər”...

PİA.az “CNN”-ə istinadən xəbər verir ki, Əfqanıstanda idarəçiliyi ələ keçirən Taliban qadınlara etdiyi təzyiqlərə daha yenisini əlavə edərək, bütün qız tələbələrin universitet təhsilini qeyri-müəyyən müddətə dayandırıb.

Xəbərə görə, Əfqanıstan Ali Təhsil Nazirliyindən verilən açıqlamada qərarın Nazirlər Kabinetinin iclasında qəbul edildiyi və dərhal icra olunacağı bildirilib.

Taliban bu ilin martında qızların orta məktəbdə təhsilini qadağan etmiş, daha sonra isə qızlar üçün xüsusi təhsil verən məktəbləri bağlamağı əmr etmişdi.

“Human Rights Watch” təşkilatı Talibanın son qadağasını pisləyərək, bunu “utanc verici bir qərar” elan edib:

“Taliban hər gün açıq şəkildə əfqanların, xüsusilə də qadınların fundamental hüquqlarına hörmət etmədiyini nümayiş etdirir”.

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban ilkin olaraq beynəlxalq dəstək qazanmaq üçün mötədil siyasət yürüdəcəyini, qadın və qızların hüquqlarına hörmətlə yanaşacağını bəyan etmişdi. Əfqanıstanda bir çox sektorda işləyə bilməyən qadınların, həmçinin, uzun məsafəlik səyahətlərdə yanlarında bir kişi olmalıdır. Bundan əlavə, qadınlardan insanların sıx olduğu yerlərdə üzlərini örtmələri tələb olunur.

pia.az