6 ay əvvəl yaradılan bölməyə yüzlərlə UNO xəbəri daxil olub

Bölmə bu il bütün araşdırmaların ətraflı təhlilini özündə əks etdirən hesabat üzərində işləyir...

PİA.az “The Independent”-ə istinadən xəbər verir ki, ABŞ administrasiyasının 6 ay əvvəl açdığı yeni UNO müşahidə bölməsi artıq yüzlərlə bildiriş alıb. Bütün Ərazilərdə Anomaliyaların Həlli Ofisi (AARO) adlanan bölmədən verilən açıqlamada sözügedən bildirişlərin hamısının ABŞ Ordusundan gəldiyi bildirilib. Hesabatın yaxın vaxtlarda dərc ediləcəyi gözlənilir.

Xəbərə görə, bölmənin müdiri Şan Kirkpatrik indiyə qədər köhnə və ya yeni xəbərlərin heç birində yadplanetlilərlə bağlı bir ipucu görmədiklərini bildirib.

Son illərdə həm ABŞ Ordusu, həm də NASA ictimaiyyətdən və ya əsgərlərdən gələn UNO xəbərlərini çox ciddi qəbul edirdi. Son 2 il ərzində bu hesabatları araşdırmaq üçün bir sıra yeni bölmələr yaradılsa da, Pentaqon 2021-ci ildə administrasiyaya UNO hesabatı təqdim edib.

25 iyun 2021-ci ildə təqdim edilən hesabatda ən maraqlı nüans da UNO-ların yadplanetlilərlə əlaqəli olub-olmadığı barədə idi. Hesabatda vurğulanıb ki, bu obyektlərlə yerdənkənar canlılar arasında hər hansı əlaqənin olmasına dair heç bir dəlil yoxdur. Lakin 9 səhifəlik bu sənəd ABŞ rəsmilərinin indiyədək mövcudluğunu inkar etdikləri UNO-ların “milli təhlükəsizlik məsələsi” kimi qiymətləndirildiyini göstərdi.

Hökumətin bu sirli obyektlərə marağı 2020-ci ildə Uçan Naməlum Obyektlər İşçi Qrupu adlı başqa bir bölmənin yaradılması ilə üzə çıxıb. Digər tərəfdən, bu araşdırmalar UNO-ların əhatə dairəsini genişləndirib. Çünki bu tarixdən sonra sözügedən obyektlər naməlum hava fenomenləri (UAP) adlandırılmağa başlanıb.

Pentaqona görə, UAP rəsmi olaraq belə müəyyən edilir:

“Kosmosda, havada, quruda, dənizdə və ya dənizin altında aşkar edilən, lakin naməlum olan və ABŞ-ın hərbi qurğuları və ya əməliyyatları üçün təhlükə yarada bilən hər şey”.

2022-ci ilin iyulunda yaradılmış AARO ABŞ ordusunun müxtəlif qolları tərəfindən təqdim olunan UAP müşahidələrini inteqrasiya etmək və araşdırmaq məqsədi daşıyır. Kirkpatrik bildirir ki, bölmə bu il bütün araşdırmaların ətraflı təhlilini ehtiva edən hesabat üzərində işləyir. Hesabatın yaxın vaxtlarda dərc ediləcəyi gözlənilir.

pia.az