Reuters: Hindistan Rusiya neftini ən aşağı qiymətə alır

Rusiya nefti Urals Hindistanda maya dəyərindən aşağı satılır...

PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat verib. Qiymət tavanı tətbiq edildikdən sonra Urals neftinin rus çeşidi Asiyada böyük endirimlərlə satılır. Reuters mənbələrə istinadən xəbər verir ki, Hindistana satışda qiymət maya dəyərindən aşağı düşüb.

Agentlik qeyd edir ki, dekabrda Hindistanda Urals üçün endirim əvvəlki sövdələşmələrlə müqayisədə 12-15 dollara çatıb. Bir sıra hallarda neft sığorta və nəqliyyat da daxil olmaqla ümumi maya dəyərindən aşağı qiymətə satılıb. Əgər daşımalar da nəzərə alınarsa, endirim bir barel üçün 30 dollardan çox ola bilər.

Bildirilir ki, oktyabr ayında Hindistan Rusiya neftinin ən böyük idxalçısı oldu. Bu, gündə 946 min barel və ya Hindistana bütün xam neft idxalının 22%-ni təşkil edib.

Reuters bildirir ki, bazar Urals markalı neftlə doludur. Həddindən artıq çoxdur və bu üzdən su qiymətinə satılır. Agentlik mənbələrinə istinadən bildirir ki, bir çox treyderlər Urals neftini həm dekabr, həm də yanvar aylarında çatdırılma ilə təklif edirlər.

pia.az