Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölənlərin yaxınları danışdı - Yenilənib + Foto/Video

Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölənlərin yaxınları hadisənin təfərrüatı barədə danışıblar.

Ölən şəxslərdən birinin yaxını Müqəddir Musayev bildirib ki, qəza zamanı TIR, mikroavtobusun üzərinə çıxıb:

“Sümüklərin kimə aid olduğunu ayırd etmək olmurdu”.

Bir digər ölən şəxsin yaxını Vəkil Musayev mikroavtobusun sürücüsünün avtomobili yolun kənarına çəkdiyini daha sonra qəzanın baş verdiyini bildirib:

“Eyni istiqamətdə hərəkətdə olan TIR mikroavtobusun üzərinə çıxıb. Yəqin ki, sürücü yuxulu olub”.

Daha ətraflı Baku TV-nin süjetində:

***

Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

"Report"un Şimal bürosunun xəbərinə gorə, qəzada ölən 6 nəfər aşağıdakılardır:

1. 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu

2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu

3. Yasamal rayon sakini 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu

4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu

5. Yardımlı rayon sakini 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü)

6. 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev.

Ölənlərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.

Bununla yanaşı, yol qəzasında xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir.

***

Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan TIR sürücüsü Atayev Elçin Arif oğlu xəstəxanada ölüb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

***

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” markalı avtomobillə TIR toqquşub. Hadisə zamanı “Mercedes Vito”da altı nəfər ölüb, TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

pia.az