Kürdəmirdə yanğında 39 baş iri buynuzlu heyvan tələf olub

Kürdəmir rayonunda tövlədə yanğın nəticəsində 39 baş iri buynuzlu heyvan tələf olub...

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Belə ki, fermer Qəniyev Əlvan Qəni oğluna məxsus fermanın ərazisində ümumi sahəsi 400 kv/m olan tövlənin çardaq hissəsində yanğın olub. Yanğın zamanı tövlədə olan 39 baş iri buynuzlu heyvanın bəzisi yanaraq, bəzisi isə tüstüdən boğularaq tələf olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və alovun digər əraziyə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində fermerə ümumilikdə 80 min manata yaxın ziyan dəyib. Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

pia.az