Barak Obama: "Dünya nüvə silahından təmizlənməlidir"

“Gələcək nəsillər naminə dünya nüvə silahının tamamilə aradan qaldırılmasına çalışmalıdır”...

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Barak Obama dekabrın 10-da Yaponiyanın Xirosima adasında keçirilən Nüvə Silahsız Dünya uğrunda Beynəlxalq Qrupun birinci konfransının iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, gələcək nəsillər naminə nüvə silahlarından azad dünya üçün səy göstərilməlidir. Barak Obama 2016-cı ilin mayında Xirosimaya səfərini heç vaxt unutmayacağını vurğulayaraq deyib: “Bu mənim bütün dünyada nüvə silahı təhlükəsinin azaldılmasına dair öhdəliyimi gücləndirən bir an oldu”.

İclasın ilk günündə ABŞ-ın keçmiş Prezidenti Barak Obama və BMT-nin Baş katibi Antoniu Quterrişin videomüraciətləri olub. Tədbir iştirakçıları arasında BMT-nin tərksilah məsələləri üzrə keçmiş ali nümayəndəsi Angela Keyn, NATO Baş katibinin keçmiş müavini Rouz Qottemüller və başqaları da var.

Qeyd edək ki, dekabrın 10-11-də Yaponiyanın Xirosima şəhərində Nüvə Silahsız Dünya Uğrunda Beynəlxalq Qrupun (IGEP) birinci konfransı keçirilir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin son zamanlar taktiki nüvə silahlarının istifadəsi ilə bağlı tez-tez hədələyici açıqlamalar verir.

pia.az