Bu gün Ukrayna sərhədindən yüzlərlə km kənarda Rusiyanın iki aerodromu vurulub - Nə baş verir?..

Səhər saatlarında Ukrayna ilə sərhəddən yüzlərlə kilometr aralıda iki Rusiya hərbi aerodromunda partlayışlar olub. Ölən və yaralananlar, sıradan çıxarılan texnikalar var...

Bu gün, dekabrın 5-də səhər saatlarında Rusiyanın birdən-birə iki hərbi aerodromunda, Ryazan və Saratov vilayətlərindəki hərbi aerodromlarda partlayışlar baş verib. Partlayışlar təsdiq olunsa da, rəsmi olaraq nə yerli hakimiyyət orqanları, nə Müdafiə Nazirliyi, nə də Kreml bu partlayışların səbəbələrini açıqlamayıb. Media və teleqram kanallarının məlumatına görə, partlayış nəticəsində hər iki aeridromda ölənlər, yaralananlar və sıradan çıxan texnikalar var. Bu partlayışlara görə bəlkə də söhbət dron hücumlarından gedə bilərdi. Lakin hər iki vilayət Ukrayna ilə həmsərhəd deyil, daha doğrusu Ukrayna ilə sərhəddən yüzlərlə kilometr aralıda yerləşir.

Ryazan

Ryazan sakinlərinin sosial şəbəklərdə yazdıqlarına görə, onlar səhər saat 6:30 radələrində partlayış səsləri eşitdiblər. “Nəsə partladı? “Ev silkələndi”, deyə Ya62.ru yerli nəşri sakinlərdən sitat gətirib. Başqa bir sakin isə yazıb: “Aerodromda nəsə oldu: pəncərələrdən tüstü və iki yanğın görünürdü, lakin hər şey çox tez söndürüldü”,

RİA Novosti fövqəladə hallar xidmətindəki mənbəyə istinadən xəbər verir ki, Ryazan yaxınlığındakı aerodromda yanacaq daşıyan maşın partlayıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, üç nəfər həlak olub, daha altı nəfər yaralanıb. Partlayış və yanğın nəticəsində bir təyyarə zədələnib.

TASS-ın mənbəsi isə Ryazan yaxınlığındakı aerodromda təyyarə dayanacağında partlayış baş verdiyini bildirib. O, ölən 3 nəfərlə bağlı məlumatı təsdiqləyib. Mənbə bildirib ki, “beş yaralıdan ikisinin vəziyyəti ağırdır”.

Vilayət hakimiyyət orqanları və Müdafiə Nazirliyi isə partlayışla bağlı məlumatı şərh etməyib.

Engels

“Baza” teleqram kanalı mənbə göstərmədən yazır ki, dekabrın 5-də səhər saatlarında pilotsuz təyyarə Saratov vilayətindəki aerodroma hücum edib. Nəşrin məlumatına görə, pilotsuz təyyarə yerli aerodromun uçuş-enmə zolağına düşüb, nəticədə iki təyyarə zədələnib. İki nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

“Astra” Telegram kanalı isə öz mənbələrinə istinadən yazıb ki, pilotsuz təyyarə Engels-1 aviabazasında uçuş-enmə zolağına düşüb və parlayış nəticəsində iki Tu-95 bombardmançı təyyarəsi zədələnib.

Partlayışın Engels şəhəri yaxınlığında baş verməsi hadisə şahidlərinin yerli ictimaiyyətə verdiyi məlumatlardan irəli gəlir. Yerli media sakinlərə istinadən yazır ki, “zəlzələ dalğası Saratov bölgələrində də hiss olunub”. Bəzi sakinlər “pəncərələr titrəyib, insanlar pəncərələrin uçacağından qorxdular, evlərin sakinləri isə vibrasiya hiss etdilər”, deyiblər. Hadisə şahidləri həmçinin bildiriblər ki, polis hava limanına gedən yolu bağlayıb.

RT-də yerli ictimaiyyətə istinadən Engelsdə yerli aerodrom yaxınlığında baş verən partlayış barədə də yazıb. Telekanal parlaq bir parıltının göründüyü və partlayış səsinin eşidildiyi bir video da yayımlayıb.

Xatırladaq ki, Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Qeraşenko da Engels aerodromunda pilotsuz təyyarənin düşməsini əks etdirən video yayımlayıb.

Saratov vilayətinin qubernatoru Roman Busargin partlayışlarla bağlı məlumatı şərh edib. Onun sözlərinə görə, hərbi obyektlərdə baş verən insidentlərlə bağlı məlumatlar “hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır”.

“Hörmətli sakinlər, sosial şəbəkələrdə və mediada səhər tezdən Engelsdə güclü partlayış və titrəmənin baş verməsi ilə bağlı məlumatlar yayılır. Sizi əmin etmək istəyirəm ki, şəhərin yaşayış massivlərində heç bir fövqəladə hadisə baş verməyib. Narahatlığa heç bir əsas yoxdur. Bir dənə də olsun mülki infrastruktur obyektinə ziyan dəyməyib”, qubernator öz telegram kanalında yazıb.

Başqa nə məlumdur?

Dekabrın 3-də Ukrayna mətbuatı yazmışdı ki, Tu-95 bombardmançı təyyarələri Engels aerodromundan qalxaraq Ukraynanın kritik infrastrukturlarını qaanadlı raketlərlə atəşə tutur. Bundan əlavə, noyabrın 30-da Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, Rusiya Engels aerodromunda təyyarələrin sayını artırıb. Onun fikrincə, bu, Rusiya ordusunun Ukraynaya hücum istiqamətini artırmaq planlarından xəbər verirdi.

The Bell nəşri Engels aerodromunu “Rusiyanın nüvə “triadası”na daxil olan strateji aviasiyanın əsas bazası” adlandırıb. Nəşr qeyd edir ki, Ukrayna ərazisinə hücum edən təyyarələr məhz burdan qalxır.

Engelsdəki partlayışı “Komsomolskaya Pravda”nın hərbi müxbiri Aleksandr Kots da şərh edib. Onun fikrincə, Krım körpüsünün partladılmasından və Daria Duqinanın qətlindən sonra “məlum oldu ki, Rusiyada tamamilə təhlükəsiz sayıla biləcək heç bir strateji obyekt qalmayıb”.

“Dəfələrlə yazdığım kimi, Ukrayna nədənsə bəyan etdiyimiz kimi, nəyəsə cavab olaraq deyil, sadəcə öz imkanlarına əsaslanaraq zərbə endirəcək”, deyə hərbi jurnalist yazıb.

“WarGonzo” teleqram kanalının rəhbəri Semyon Pegov da Engelsdə və Ryazan yaxınlığında baş verən partlayışları pilotsuz təyyarələrdən istifadə edilən “terror hücumları və təxribat” adlandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov partlayışlarla bağlı dəqiq məlumata malik olmadığını bildirib və o, jurnalistlərə Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edib. Vladimir Putinə insidentlə bağlı məlumat verilib-verilmədiyini soruşduqda, Peskov belə cavab verib: “Əlbəttə, prezident mütəmadi olaraq bütün aidiyyatı xidmətlərdən baş verən hər şey haqqında məlumat alır”.

Xatırladaq ki, Ryazan və Saratov vilayətləri Ukrayna ilə həmsərhəd deyil. Engelsdən Ukrayna ilə sərhədə qədər 700 km-dən çox, Ryazandan 500 km-dən çox məsafə var. Ukraynada bu qədər məsafədə uça bilən pilotsuz təyyarələrin olması faktı isə heç bir mənbə tərəfindən təsdiqlənməyib. Yalnız oktyabrda “Ukroboronprom” şirkəti 1000 kilometrə qədər məsafə qət edə bilən Ukrayna zərbə dronunun hazırlanmasının başa çatdırdığını bildirmişdi.

Bundan əvvəl Rusiya hakimiyyəti Ukraynanın sərhəd bölgələrində pilotsuz təyyarələrin hücumları barədə məlumat vermişdi. Xüsusilə, Krımda və Sevastopolda, Belqorod və Kursk vilayətlərində baş verən partlayışların PUA-lar vasitəsi ilə həyata keçirildiyi bildirilmişdi. Lakin indi hakim dairələr müəmmalı şəkildə susrlar. Bəlkə heç onlar da hücumun hardan olduğunu bilmirlər?

Xatırladaq ki, Ukrayna hakimiyyəti Ryazan və Engels aerodromlarındakı partlayışlara görə məsuliyyəti həə ki, üzərinə götürməyib.

Mənbə: rtvi.com

Tərcümə PİA.az-a aiddir

pia.az