Təbrizli müəllimlər Bakıya gəldi

Təbriz Universitetinin bir qrup müəllimi Milli Məclisin deputatı Gövhər Baxşəliyeva ilə görüşüblər
 Təbriz Universitetinin bir qrup müəllimi AMEA-nln akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldular. AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, onları İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi müşayiət edib. Təbrizli müəllimlər Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüblər.Gövhər Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutun tarixindən bəhs edib, institutda iranşünaslıq sahəsində aparılan tədqiqatlar barədə məlumat verib. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi rəhbərlik etdiyi Mərkəzin Şərqşünaslıq İnstitutu ilə əməkdaşlığından məmnunluğunu bildirərək, bu sahədə gələcək perspektivlərdən danışıb. Təbriz Universitetinin müəllimlərindən tanınmış ədib dr. Fərşbafian, iqtisadçı Ağacani, coğrafiyaşünas Nikcuh, Təbriz Universiteti Muzeyinin müdiri, tarixçi Əbdullahi təmsil etdikləri ali məktəbin Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildiriblər. Təbriz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini bildirən qonaqlar, Şərqşünaslıq İnstitutu ilə birgə elmi tədbirlərin keçirilməsi, tələbələrə elmi dəstək göstərilməsi, kadr mübadiləsi, kitab nəşri və s. ilə bağlı əməkdaşlıq imkanlarından söz açıblar.Görüşdə Təbriz Universiteti ilə Şərqşünaslıq İnstitutunun 2014-cü ildə müştərək keçirə biləcəyi bir neçə elmi tədbirin perspektivləri müzakirə olunub.