Moldova hökuməti regiondakı vəziyyətə görə hərbi potensialı gücləndirir

Moldova hökuməti regional təhlükəsizlik sahəsində çətin vəziyyətə görə ölkənin müdafiəsini gücləndirməyi planlaşdırır...

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku deyib.

"Martın əvvəlindəki kimi olmasa da, hazırda təhlükəsizlik baxımından çox çətin vəziyyətindəyik. Regionda baş verənlər bizi müdafiə imkanlarımıza yenidən baxmağa vadar edir. Moldova müdafiə qabiliyyətini genişləndirməyi planlaşdırır", - Popesku bildirib.

Onun sözlərinə görə, ölkə Rumıniya, Fransa, Almaniya və yardım vəd etmiş digər Aİ ölkələrinin köməyi ilə öz hərbi potensialını gücləndirmək niyyətindədir.

Bundan əvvəl Moldova Prezidenti Maya Sandu Rusiyadan gələ biləcək təhlükə ilə bağlı ordunun gücləndirilməsinin vacibliyini bəyan edib. Bunun üçün Aİ Kişinyova təxminən 47 milyon avro məbləğində maliyyə yardımını təsdiqləyib ki, bu da illik müdafiə büdcəsini iki dəfə artıracaq.

Müdafiə naziri Valeri Mija Moldova ordusunun müasir zirehli texnika, rabitə vasitələri və pilotsuz təyyarələr alacağını vurğulayıb.

pia.az