Cem Yılmaz çəkdiyi seriala görə məhkəməyə verildi

Məşhur türk komediya ustası Cem Yılmaza qarşı “Erşan Kuneri” serialına görə iddia qaldırılıb...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Narkomaniya və Siqaretlə Mübarizə Dərnəyi Cem Yılmazın “Erşan Kuneri” serialında gəncləri alkoqol və siqaretə təşviq etdiyini əsas gətirərək ulduza qarşı cinayət işi qaldırıb.

Cem Yılmaz, Zafer Algöz, Ezgi Mola, Çağlar Çorumlu, Uraz Kaygılaroğlu, Merve Dizdar, Bülent Şakrak, Necip Memili və Nilperi Şahinkaya kimi ulduzların baş rolda oynadığı “Erşan Kuneri” serialı 8 seriyadan ibarət ilk sezonu ilə mayın 13-də Netflix-də yayımlanıb. Serialı bəyənənlərlə yanaşı, tənqid edənlər də olub.

İstanbul Respublika Baş Prokurorluğuna verilən ərizədə aşağıdakı ifadələr yer alıb:

“Şübhəlinin film platformasında yayımlanan “Erşan Kuneri” serialının, demək olar ki, hər səhnəsində spirtli içki və siqareti təşviq edən hərəkətlər etdiyi aydın görünür. Onun siqaret və alkoqol kartellərindən sövdələşmə yolu ilə qazanc əldə etdiyi düşünülür”.

Açıqlama verən dərnək başçısı Dr. Şahan Can Şahan deyir: “Dünya əhali sıralamasında 18-ci yerdə olsaq da, siqaret çəkənlərin sayına baxdıqda 8-ci yerdəyik. Bu, qətiyyən uyğun bir vəziyyət deyil və azaldılmalıdır. Siqaret çəkmə nisbəti 30%-ə yaxındır.Siqaret reklamı qadağandır, ancaq gizli reklam dediyimiz bir akt da var. Bu məsələdə isə məşhurlardan istifadə edirlər. Cəmiyyət buna göz yummamalıdır”.

Şahan əlavə edir:

“Bu mənada uşaqlarımızın və gənclərimizin haqqını axtarırıq. Cem Yılmaza qarşı iddia qaldırmışıq. Mərhum qurucu prezidentimiz Orhan Kuralla açdığımız məhkəmə iddialarında bizə “marka belə görünmür, haqsız rəqabət yoxdur” kimi mənasız cavablar verilmişdi. Ancaq bu dəfə belə bir şeyi qəbul etmirik. Təşviq var. Başlamaq (siqaret və alkoqola) üçün ən mühüm səbəblərdən biri də təşviqdir. Bir adamın israrla bütün səhnələrə siqaret qoyması düzgün deyil. Bunun səbəbi ancaq maddi fayda təmin etmək ola bilər”.

Məhkəmə işinə baxan vəkil Əkrəm Çatalkaya da filmlərdə gizli kartellər vasitəsilə haqsız üstünlük əldə edildiyini söyləyib.

Bundan əlavə, dərnək İstanbul Vergi İdarəsi Bildiriş və Şikayətlərin Qiymətləndirilməsi Müdirliyinə ərizə ilə müraciət edərək, Cem Yılmaz haqqında araşdırma aparılmasını və hər hansı bir qanun pozuntusunun aşkar ediləcəyi təqdirdə, prokurorluğa hesabat verilməsini tələb edib.

pia.az