“Sədərək”dəki sahibkar qayçı ilə vurulubmuş - Hadisənin təfərrüatları - Video

“Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”...

Bir neçə gün əvvəl Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində törədilmiş quldurluq hadisəsinin təfərrüatı məlum olub.

Bakupost.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə təsərrüfat mallarının satıldığı mağazadan satıcı və müştərilərin getdiyi vaxt baş verib. 

Belə ki, noyabrın 11-də naməlum şəxslər ticarət mərkəzində mağaza işlədən sahibkar Ağayev Şakir Fərhad oğlunu izləyiblər. Onlar iş gününün sonunda ətrafda kimsənin olmadığı vaxt mağazaya basqın ediblər. Biznesmenin baş nahiyəsinə təsərrüfat qayçısı ilə zərbələr endirən şəxslər mağazadakı 30 min manat pulu götürərək uzaqlaşıblar.

Mağazanın daxilində kamera olmasa da, ticarət mərkəzinin ərazisində çoxsaylı nəzarət və müşahidə kameralarının olduğu bildirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, DİN Mətbuat xidmətindən bildirilib ki, quldurluq əməli ilə bağlı müvafiq araşdırma aparılır: “Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.

pia.az