Nazirin qardaşı Azadlıq Radiosunun bağlanmasını istəyir

Elton Məmmədov: “Bu radio dünyada ədavəti qızışdırmaqla, dövlətlərin daxili işlərinə qarışmaqla məşğuldur”
“Əgər bu gün “Azadlıq” radiosu siyasi təsisat rolunda çıxış edirsə, kimlərinsə sifarişi ilə təxribat törətməklə məşğuldursa, onun bağlanması təklifi müsbət qarşılanmalıdır”.Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov söyləyib.Xatırladaq ki, “Netsmart” portalının baş yazarı və redaktoru Maayan Yaffi “Azadlıq” radiosunun fəaliyyətinin dayandırılması təklifi ilə çıxış edib. Hər il bu məqsədlə ABŞ büdcəsindən 750 milyon dollar vəsait ayrıldığını deyən baş redaktor bildirib ki, bu radio dünyada ədavəti qızışdırmaqla məşğuldur və birtərəfli xəbərlər hazırlayır.Millət vəkili Elton Məmmədov amerikalı yazarın təklifini dəstəklədiyini dedi: “Adıçəkilən radionun fəaliyyəti o qədər qüsurlu, qeyri-obyektivdir ki, artıq Amerikanın özündə də buna etiraz edirlər. Amerikalı jurnalist tamamilə haqlı vurğulayır ki, Azərbaycanın inkişafı, rifahı haqqında bu radioda bir mövzu belə işlənilmir. Əvəzində hansısa təxribatçının, emissarın əli ilə ölkəmizi ləkələməyə çalışırlar. Bu radioda çalışanlar da müxalifət fəallarıdır. Onların da mövqeyi hamıya bəllidir. Bu mənada mən “Azadlıq” radiosunun bağlanmasının və ya fəaliyyətinə yenidən baxılmasının tərəfdarıyam”.