Kliniki Tibbi Mərkəzin narkomanların “yuvasına” çevrilməsi... - Haraya gedirik?

Qurumun mətbuat katibi açıqlama verib ki, narkomanlar Kliniki Tibbi Mərkəzində getdikcə artmaqdadır...

Sağlam Cəmiyyət Hərəkatının Rəhbəri: “Son vaxtlar ölkədə narkomaniyanın yayılma surəti həddən artıq çoxalıb”.

“Narkotik maddələr artıq o dərəcədə ucuzlaşıb ki, onları 5-10 manata əldə etmək mümkündür. Bu da narkotikin kütləvi yayılmasına imkan yaradır”.

Bu sözləri Sağlam Cəmiyyət Hərəkatının Rəhbəri Elçin Bayramlı Kliniki Tibbi Mərkəzinin narkotik yuvasına çevrilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzində narkomanların peyda olması ilə bağlı video yayılıb. Qurumuun mətbat katibinin verdiyi açıqlamada isə bildirilib ki, narkomanlar Kliniki Tibbi Mərkəzində getdikcə artmaqdadır. “Məsələnin bu cür ictimailəşdirilməsi bizi yalnız sevindirə bilər və dəstəkləyirik! Bu məsələ həqiqətən də baş verir”, deyə açıqlamada bildirlir.

Ölkənin ən böyük tibb ocaqlarından birinin narkomanların "yuvasına" çevrilməsi ilə bağlı bu reaksiyanı necə dəyərlndirmək olar? Bu, Kliniki Tibbi Mərkəzin rəhbərliyinin, xəstəxananın mühafizəsinin və polisin bu vəziyyətə seyrçi olmasından xəbər verirmi? Ümumilikdə isə Bakıda narkomaniya ilə mübarizə, kampaniya xaricində qanededicidirmi?

Ölkədə narkotikin sürətlə və maneəsiz yayılma problemini PİA.az-ın əməkdaşı Sağlam Cəmiyyət Hərəkatının Rəhbəri Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Bunu dayandırmaq lazımdır. Amma nə cəmiyyətdə, nə də dövlətdə belə bunun müzakirəsi getmir”.

Kliniki Tibbi Mərkəzində yayılan görüntünün əsil mənzərənin milyonda bir olduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, qurumun və polisin reaksiyası da ölkədə olan vəziyyətə görə normaldır:

“Son vaxtlar ölkədə narkomaniyanın yayılma surəti həddən artıq çoxalıb. Belə kadrlar sosial şəbəkələrdə, mediada tez-tez yayılır. Yazılanlar isə milyonda biridir. Kliniki Tibbi Mərkəzində yayılan görüntü də milyonda birdir. Bu qurumun və polisin reaksiyası da ölkədə olan vəziyyətə görə normaldır. Çünki əhali arasında dəhşətli dərəcədə narkotikə qoşulma halları gedir. Xüsusən gənclər arasında narkotik adiləşir. Bunun qarşısını almaq üçün dövlət səviyyəsində aparılan mübarizə də ciddi nəticə verməyib.

Son 1-2 il ərzində Daxil İşlər Nazirliyi narkomaniyaya qarşı böyük kampaniya apardı. Çox sayda narkotik şəbəkələr ifşa olundu. Min tonlarla narkotik maddələr məhv edildi. Amma ölkədəki prosesin qarşısını almaqda bu tədbirlər acizdir. Problemin səbəbləri aradan qaldırılmalıdır. Bu səbəblər də aydındır. Bir tərəfdən sosial problemlər, işsizlik, yoxsulluq problemi dərinləşdirir. Digər tərəfdən isə gənclər tamamilə özbaşına olub.

Elçin Bayramlı: “Qanun sərtləşdirilməlidir. Hətta narkotik istifadə edən şəxs belə ağır cəzalandırılmalıdır”.

Qeyd edim ki, narkotik maddələr artıq o dərəcədə ucuzlaşıb ki, onları 5-10 manata əldə etmək mümkündür. Bu da narkotikin kütləvi yayılmasına imkan yaradır. Ölkəyə asan yolla narkotikin necə gətirilməsi isə başqa mövzudur. Çünki narkotikin istehsalı, satışı ilə bağlı məşğul olan şəbəkələr var. Buna görə də qanun sərtləşdirilməlidir. Hətta narkotik istifadə edən şəxs belə ağır cəzalandırılmalıdır. Bunun başqa yolu yoxdur. Əks halda vəziyyət bundan da dəhşətli olacaq.

Bizim milli genefonumuzun məhv olması gözümüzün qarşısında gedir. Bunu dayandırmaq lazımdır. Amma nə cəmiyyətində, nə dövlətdə, heç ortalıqda belə bunun müzakirəsi getmir. Sanki ölkə narkoman dövlətə çevrilmir. Dövlət bir də ayılacaq ki, tamamilə gecdir. Bu məsələ daim gündəmdə saxlanılmalıdır. Parlamentdə müzakirələr getməlidir və cinayət məcəlləsinə dəyişikliklər olmalıdır. Sakit dursaq məhv olmaq günümüzü gözləyəcəyik”.

Nərminə UMUDLU pia.az