Nazirlikdən meşə yanğını haqda açıqlama

Dünən saat 17 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Talıstan meşəbəyliyinin 2 saylı dolayının yüksək dağlıq sahəsində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən daxil olan xəbərə görə, ilkin ehtimala görə meşədə böyürtkən yığan kənd sakinlərinin odla ehtiyatsızlığı səbəbindən baş verən yanğının söndürülməsinə nazirliyin müvafiq yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Qeyd edək ki, yayılma arealı geniş olsa da, yanğın bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə ümumilikdə 1 hektar quru ot və kol örtüyünü əhatə edir. Yanğının qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları tərəfindən operativ tədbirlər davam etdirilir.Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.