Rəşad Dağlının öldürdüyü şəxsin qardaşı: “Gəlib İskəndəri qapıdan apardı” - Yenilənib, Video

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib...

Məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 5 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Baku TV-nin əməkdaşı hadisənin təfərrüatını araşdırmaq üçün İ.Mehtiyevin yaşadığı ünvana gedib. 

Mərhumun nəşi yaşadığı ünvana gətirilib. 

İ.Mehtiyevin qardaşı hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib:

“Qardaşım oktyabrın 26-da həbsdən çıxmışdı. Rəşadla aramız yaxşı olub. Səhər Rəşad gəlib İskəndəri qapıdan apardı. Sonra da eşitdik ki, belə hadisə baş verib. Hadisənin səbəblərini bilmirik. Subay idi. Anasının 40 mərasimini yenicə keçirmişdik”.

Ailənin yaxını isə qeyd edib ki, İ.Mehtiyev bıçaqlanmazdan əvvəl döyülüb və üzündə xəsarətlər olub.

***

Gecə saatlarında qonşusu İsgəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) ifadə verib. 

Bununla bağlı Sfera.az məlumat yayıb. 

Qeyd edilib ki, Rəşad Dağlı polisə verdiyi ifadədə aralarında məişət zəminində mübahisə baş verdiyini bildirib və qətli şüurlu şəkildə, öldürmək məqsədilə törətdiyini etiraf edib.

***

Rəşad Dağlının törətdiyi qətllə bağlı yeni təfərrüat məlum olub. 

Baku TV-nin məlumatına görə, qətl R.Dağlıya məxsus “Niva” markalı avtomobildə baş verib. 

Əldə edilən görüntülərdə avtomobilin salonunda qan izlərinin olduğu aşkar görünür. 

Həmin görüntüləri təqdim edirik:

***

Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, qətlə yetirilən İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

Məlumata görə, İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

Ötən gecə baş verən mübahisə zamanı Rəşad Dağlı bıçaqla İskəndər Mehtiyevi qətlə yetirib.

Qətlə yetirilən şəxs Rəşad Dağlının sənət yoldaşı, meyxanaçı Ələkbər Yasamallının qohumudur.

***

“Report”un əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü R.Əmirov İsgəndər Mehdiyev adlı şəxsi bıçaqla öldürüb.

R.Əmirov şübhəli şəxs qismində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən fakt “Report”a təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

pia.az