Ötən gün Bakıdan rayonlara 267 reyslə 9 minə yaxın sərnişin daşınıb

Noyabrın 5-də 289 müntəzəm və qeyri-müntəzəm reyslə 9 341, noyabrın 6-da isə 267 reyslə 8 607 sərnişin müxtəlif şəhər və rayonlara daşınıb...

Bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Samir Səfərov deyib.

S.Səfərovun sözlərinə görə, Bakıdan regionlara sərnişin axını əsasən 14 istiqamətdə qeydə olunur:

“Noyabrın 6-dan Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərə keyfiyyətli və davamlı nəqliyyat xidmətləri göstərmək məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Sərnişin axını nəzərə alınaraq, hərəkətin səmərəli təşkil edilməsi məqsədi ilə xətlərə əlavə avtobuslar cəlb edilib.

Xətlərə buraxılan avtobusların intervalına, sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılmasına, həmçinin sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunur.

Vətəndaşlar biletləri avtovağzalın gündəlik və qabaqcadan satış kassalarından, eləcə də “avtovagzal.az” saytından onlayn qaydada əldə edə bilər.

İstiqamətlər üzrə kassaların işinin təşkili zamanı kassalara təhkim edilmiş reyslər arası intervallar, eləcə də kassaların buraxılış qabiliyyəti nəzərə alınaraq əlavə kassalar açılıb".

Vətəndaşlar “1414” Çağrı Mərkəzinə zəng edərək onları maraqlandıran suallarla bağlı ətraflı məlumat ala bilərlər.

S.Səfərov vurğulayıb ki, əsas axın Quba, Qusar, Masallı, Lənkəran, Lerik, Astara, Gəncə, Bakı-Qırmızı Körpü, Mingəçevir, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala istiqamətlərində olub.

Qeyd edək ki, gücləndirilmiş iş rejimi noyabrın 9-na qədər davam edəcək.

pia.az