Qvardiola İbrahimoviçi ələ saldı: “Mənim eqom hər oyunçudan üstündür”

İsveçli ulduz keçmiş məşqçisi ilə yola getmir...

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Haalanda heyran olduğunu bildirən Zlatan İbrahimoviç onunla bağlı açıqlamasında Pep Qvardiolanı sərt təndiq edib.

Xatırladaq ki, İsveçli ulduz keçmiş məşqçisi haqqında bunları demişdi: “Qvardiolanın Haalandın ondan böyük olmasına icazə verib-verməməsi onun eqosuna bağlıdır. O, heç vaxt Haalandın daha yaxşı oyunçu olmasına imkan verməyəcək”.

Bu şərhlərdən sonra Qvardiola cümə günü keçirdiyi mətbuat konfransında isveçli hücumçunu kinayəli şəkildə ələ salıb:

“O, haqlıdır, tamamilə haqlıdır. Bu klubda, bu komandada mənim eqom hamıdan, hər oyunçudan üstündür. Erlinqin üç qol vurması və bütün vacib məqamların onun üçün olması mənim xoşuma gəlmir. Çox qısqanıram! Düzünü desəm, çox qısqanıram!”.

“Erlinq, lütfən, daha çox qol vurma, yoxsa jurnalistlər mənim haqqımda danışmaz, sadəcə mənim haqqımda danışılmasını istəyirəm”, deyə davam edib.

İspan mütəxəssis daha sonra kinayəli şəkildə, “İbrahimoviç tamamilə haqlıdır, o məni çox yaxşı tanıyır. Bəlkə haqqımda kitab da yaza bilər”, deyib.

Qeyd edək ki, İbrahimoviç Barselonada birlikdə çalışdıqları və qəfil ayrıldıqları vaxtdan bəri Qvardiolanı illərdir tənqid edir. “Milan”ın ulduzu hətta Qvardiolanı “düşmənim” adlandırmışdı

pia.az