Azərbaycanda kişilərin yarısı pensiya almadan ölür – Rəsmi

İl ərzində vəfat edən kişilərin 47%-i və ya 21 min 339 nəfəri pensiya yaşına (65 yaş) çatmadan ölüblər...

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda son bir il ərzində 76 min 878 nəfər vəfat edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, vəfat edənlərin 40%-i 65 yaşından aşağı şəxslər, yəni pensiya yaşına çatmayan şəxslər olub.

Pensiya yaşına çatmadan vəfat edən kişilərin sayı daha çox olub. İl ərzində vəfat edən kişilərin 47%-i və ya 21 min 339 nəfəri pensiya yaşına (65 yaş) çatmadan ölüblər.

Məlumat üçün bildirək ki, 12 il əvvəl – 2010-cu ildə Azərbaycanda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardı.

Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılıb.

Daha sonra kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi

2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.

Nəticədə son 12 ildə kişilərin pensiya yaşı 62-dən 65-ə, qadınların pensiya yaşı isə 57-dən 63-ə (2027-ci ildə 65 yaş olacaq) çatdırılıb.

pia.az