Borel və Quterreş Qara dənizdəki taxıl dəhlizini müzakirə ediblər  

Rusiya ərzağın dəniz dəhlizi üzərindən dünyaya çatdırılmasını təmin edən razılığa qayıtmalıdır...

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel və BMT-nin Baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə avropalı diplomat tviterdə yazıb.

“BMT-nin Baş katibi Antoniu Quterreşlə Qara dəniz razılaşmasını müzakirə etmək və Ukraynadan taxıl və gübrə ixracını təmin etmək üçün tədbirləri koordinasiya etmək məqsədilə telefon danışığım olub.

Rusiya ərzağın dəniz dəhlizi üzərindən dünyaya çatdırılmasını təmin edən razılığa qayıtmalıdır. Aİ qlobal ərzaq böhranına qarşı öz rolunu oynayacaq”, - C.Borel vurğulayıb.

Qeyd edək ki, oktyabrın 29-da Rusiya Müdafiə Nazirliyi ölkənin Sevastopolda Qara dəniz donanmasının, eləcə də “taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktı”ndan sonra taxıl sazişində iştirakını dayandırdığını açıqlayıb. Rusiya taxıl sövdələşməsində iştirakını dayandırdıqdan sonra Türkiyənin İstanbul şəhərindəki Birgə Koordinasiya Mərkəzində - Xarici İşlər Nazirliyindəki nümayəndələrinə tapşırıqlar verib. Böyük Britaniya Müdafiə Nazirliyi rəsmi Moskvanın ittihamını “epik miqyaslı uydurma” adlandırıb.

pia.az